Xəbər verdiyimiz kimi, maliyyə naziri Sahil Babayev dövlət qurumlarında yoxlamalar aparacaq. Belə ki, qurumun tabeliyində olan Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi bu ilin aprelindən etibarən dövlət şirkətləri ilə publik hüquqi şəxslərin büdcə layihələri, maliyyə hesabatları və icra göstəriciləri üzərində monitorinq və təhlillərə başlayacaq. Müvafiq qərara əsasən qurumlar təsdiqlənmiş formalar üzrə aylıq, rüblük və illik məlumatları təqdim etməli, nəticələr barədə isə rübdə bir dəfə dövlət başçısına hesabat veriləcək.
Bu, dövlət büdcəsinin səmərəli xərclənməsinə, yeyintilərin qarşısının alınmasına necə təsir göstərəcək?
Globalinfo.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, bu qərar büdcənin səmərəli xərclənməsi üçün vacib addımdır:

Akif Nəsirli
“Yoxlamalar vasitəsilə büdcə vəsaitlərinin düzgün istifadəsi izlənəcək, lazımsız xərclərin və yeyintilərin qarşısı alınacaq. Bu, həm dövlət maliyyə resurslarının daha məqsədyönlü istifadəsinə, həm də ictimai etimadın artmasına gətirib çıxara bilər. Eyni zamanda, qurumlarda şəffaflıq və məsuliyyətlilik artdıqca korrupsiya riski azalır. O cümlədən, vəsaitlər sosial və iqtisadi layihələrə daha effektiv yönəldilə bilər”.
İqtisadçı Elçin Rəşidov bildirib ki, Dövlət müəssisələrinin Monitorinq Agentliyinin Maliyyə Nazirliyi yanında deyil, müstəqil qurum kimi yaradılması daha məqsədəuyğun olardı:
“Çünki belə bir agentlik Maliyyə Nazirliyinin fəaliyyətinə də nəzarət etməlidir. Nazirlik isə dövlət müəssisələrini subsidiyalaşdıran və bu prosesin birbaşa iştirakçısı olan tərəfdir. Prosesdə iştirak edən qurumun eyni zamanda, həmin prosesə nəzarət etməsi maraqların konfliktinə səbəb olur və obyektivliyi şübhə altına alır. Bu baxımdan agentlik Maliyyə Nazirliyindən, eləcə də konkret icra vəzifəli şəxslərdən asılı olmamalıdır. Uzun illər bu funksiyanı Hesablama Palatası həyata keçirib. Bu qurum icra hakimiyyətinin tərkib hissəsi deyil və parlamentə hesabat verir. Bu isə onun daha müstəqil mövqeyini təmin edir. Həmçinin qurumun fəaliyyətində beynəlxalq audit və nəzarət standartlarına əsaslanması onun peşəkarlığını və neytrallığını gücləndirir.
Lakin problem ondadır ki, Hesablama Palatasının hesabatları çox vaxt nəticəsiz qalır. Dövlət müəssisələrinin maliyyə idarəetməsində ciddi nöqsanlar aşkarlansa da, aradan qaldırılmır və növbəti illərdə daha böyük miqyasda təkrar olunur. Belə şəraitdə eyni funksiyanın icra hakimiyyətinin bir hissəsi olan Maliyyə Nazirliyinin həyata keçirməsi effektiv nəticə vəd etmir. Əks halda, nəzarət mexanizmi selektiv xarakter ala və inzibati təsir vasitəsinə çevrilə bilər”.

Elçin Rəşidov
İqtisadçı qeyd edib ki, dövlət müəssisələrinin maliyyə fəaliyyəti yalnız subsidiyalarla məhdudlaşmır:
“Onlar müxtəlif mənbələrdən gəlir əldə edirlər. Monitorinq həm dövlət müəssisələrini, həm də publik hüquqi şəxsləri əhatə etməlidir. Maliyyə Nazirliyi hazırda bu sahədə səlahiyyətə malikdir, lakin nəzarət funksiyası icra funksiyasından institusional olaraq ayrılmalıdır. Nəzarət mexanizmini parlamentə hesabat verən və müstəqil statusa malik qurum həyata keçirməlidir. Zərurət yaranarsa, dövlət müəssisələri üzrə ayrıca struktur bölməsi də yaradıla bilər. Əsas şərt aşkarlanan nöqsanların aradan qaldırılması və hesabatların real nəticə doğurmasıdır”.
Ekspert əlavə edib ki, bu istiqamətdə problemlərdən biri də dövlət investisiyalarının qiymətləndirilməsi qaydalarının qəbul edilməməsidir:
“Bu məsələ xüsusilə İqtisadiyyat Nazirliyinin məsuliyyət dairəsinə aiddir. Qaydalar qəbul olunmadığı üçün səmərəsiz və iqtisadi baxımdan zərərli layihələr dövlət büdcəsi hesabına maliyyələşdirilir. Bu isə həm Maliyyə, həm də İqtisadiyyat Nazirliyinin institusional məsuliyyətini gündəmə gətirir. Maliyyə Nazirliyi təşəbbüskar mövqe nümayiş etdirməli, dövlət investisiyalarının qiymətləndirilməsi qaydalarının qəbulunu tələb etməlidir. Şəffaflıq və hesabatlılıq icraedici qurumların özlərinə deyil, neytral nəzarət institutlarına həvalə olunmalıdır. Çünki icra edən qurumun eyni zamanda öz fəaliyyətinə nəzarət etməsi effektiv və obyektiv mexanizm hesab edilə bilməz. Nəticə etibarilə, problem şəxslərlə deyil, sistemlə bağlıdır. Nəzarət ilə icra funksiyaları ayrılmalı, əvvəlki audit hesabatlarında göstərilən nöqsanlar aradan qaldırılmalı və institusional islahatlar həyata keçirilməlidir. Yalnız bu halda dövlət qurumlarının fəaliyyətində şəffaflıq və səmərəlilik real şəkildə təmin oluna bilər”.














