“Ölkədən getmək hüququnun məhdudlaşdırılması məsələsi xüsusi diqqət tələb edən mövzulardandır. Azərbaycan qanunvericiliyinə əsasən, vətəndaşın vergi və digər borc öhdəlikləri olduqda onun ölkədən çıxışına məhdudiyyət tətbiq oluna bilər. Lakin praktikada bəzi hallarda hüquq-mühafizə və ya digər aidiyyəti orqanların müraciəti əsasında icra qurumları tərəfindən vətəndaşların ölkədən çıxışına dərhal məhdudiyyət qoyulması halları müşahidə olunur”.
Gündəm24.az Redaktor.az-a istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında deputat Azay Quliyev bildirdi.
O əlavə etdi ki, bu isə ciddi problemlər yaradır:
“Çünki belə məhdudiyyət son addım kimi tətbiq edilməlidir. Ondan əvvəl vətəndaşa borcla bağlı bildirişlərin verilməsi, izahat və ödəniş imkanlarının yaradılması kimi mərhələlər həyata keçirilməlidir. Təcrübədə isə elə hallar olur ki, vətəndaş hava limanına ailəsi ilə birlikdə səyahətə gedərkən ölkədən çıxışına qadağa qoyulduğunu öyrənir. Bu da həm ciddi narazılıq yaradır, həm də vətəndaşla dövlət qurumları arasında etimadı zədələyir”.














