Sabunçu rayonunun Maştağa qəsəbəsində yerləşən gölün qanunsuz şəkildə doldurulması faktı rəsmi qurumlar tərəfindən araşdırılıb. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları Sovxoz Ramana ərazisindəki su hövzəsinə yerində baxış keçiriblər. Yoxlamalar zamanı məlum olub ki, gölün 0,34 hektar sahəsi bərk və qarışıq süxur tullantıları ilə qəsdən doldurulub. Sakinlərin bildirdiyinə görə proses əsasən gecə saatlarında həyata keçirilir və beləliklə gölün həcmi süni şəkildə kiçildilir.
Hüquqşünas Əkrəm Həsənov məsələyə münasibət bildirərkən Demokrat.az-a açıqlamasında qeyd edib ki, əgər bu əməl qəsdən törədilibsə, həmin şəxslər birbaşa məsuliyyət daşıyırlar.
Onun sözlərinə görə bu hadisə ekoloji cinayətlər kateqoriyasına aid edilir və ətraf mühitə ciddi ziyan vurulması kimi qiymətləndirilməlidir.
Ekspert həmçinin əlavə edib ki, gölün doldurulması arxasında həmin torpaqların gələcəkdə satılması məqsədi dayana bilər. Lakin hazırda bu iddiaların rəsmi şəkildə təsdiqlənməsi üçün araşdırmaların davam etdirilməsi zəruridir. Hazırda faktla bağlı müvafiq tədbirlər görülür və günahkar şəxslərin müəyyən edilməsi istiqamətində iş aparılır.
“Mən bu sahənin mütəxəssisi deyiləm və sizə konkret hüquqi qiymət verə bilmərəm. Bu məsələ ekoloji hüquq sahəsinə, yəni ətraf mühitə vurulan ziyana və ekoloji cinayətlərə aiddir. Kimin, hansı məqsədlə bunu etdiyinə gəlincə, müxtəlif ehtimallar irəli sürmək olar. Məsələn, icra hakimiyyəti tərəfindən torpağın satılması məqsədilə edildiyi ehtimalı da nəzəri olaraq mümkün ola bilər. Ancaq bu barədə məndə dəqiq və təsdiqlənmiş məlumat yoxdur”.
Qeyd edək ki, faktla bağlı Sabunçu rayonu icra hakimiyyətinə rəsmi soğru göndərmişik.














