İranın xislətini bilirik. Nə qədər etibarsız qonşu olduğu da məlumdur. Hər zaman Azərbaycanı arxadan xəncərləməyə hazır vəziyyətdə dayanıb. Bunu 30 illik Qarabağ münaqişəsi zamanı gördük, yaşadıq.
Rəsmi Tehran şiə-müsəlman ölkəsi olan Azərbaycanın yox, müsəlmanları qətlə yetirən, torpağını işğal edən, məscidləri viran qoyan, günahsız insanlara qarşı soyqırımı həyata keçirən Ermənistanın yanında yer aldı. Müstəqillik qazandıq – buna qarşı çıxdı. Müharibə apardıq – işğalçını dəstəklədi. İşğala məruz qalan rayon və kəndlərdəki evlərin sökülməsində, daşınmasında İran şirkətləri birbaşa iştirak etdi.
44 günlük Vətən müharibəsində də İran əvvəlki mövqedən geri çəkilmədi. Azərbaycanın zəfərini həzm etmədi, edə bilmədi. Gizli-aşkar şəkildə Ermənistana dəstək oldu. Hətta ordumuz Cəbrayıl, Zəngilan istiqamətində düşməni məğlub edib, irəliləyəndə, İran təxribat törətdi, ordumuzun qarşısına silahlı dəstələr çıxardı. Bu haqda mediada araşdırma yazılar gedib. O yazılarda, videolarda bütün detallar əksini tapıb.
2022-ci ilin payızında SEPAH Azərbaycanla sərhəddə hərbi təlimlərə başladı. O təlimlərdə Araz çayını keçib, Azərbaycan ərazilərinə hücum imitasiya edilirdi. Bütün bu pisliklərə, qonşuluq prinsiplərini ayaqlar altına atmasına rəğmən, Azərbaycan dövləti İrana münasibətdə qırmızı xətti keçmədi. Heç bir dövlətə öz ərazisindən İrana qarşı istifadə etməyə imkan tanımadı. Prezident İlham Əliyev bunu dəfələrlə bildirdi. Dövlət başçısı sözünü sona kimi tutdu. Ərazilərimizi işğal etməyin məşqlərini keçirən Tehran rejimini İsraillə, ABŞ-la baş-başa buraxmadı…
Bütün bunlar azmış kimi 2023-cü ilin yanvar ayında Tehrandakı səfirliyimizə hücum edildi. Avtomatla silahlanmış terrorçu diplomatik korpusun bir əməkdaşını öldürdü, digəri ağır yaralandı.
Ölkəmizə qarşı hər cür pisliklər etmiş, qonşuluq prinsiplərinə dəfələrlə dönük çıxmış, bizi işğalla hədələyən İrana dözümlü yanaşmaq mümkün görünmür artıq. Martın 4-də Azərbaycan Prezidenti İlham Əliyev İranın Bakıdakı səfirliyində olub. Başsağlığı verib. Azərbaycanın dəstəyini ifadə edib. 24 saat sonra Naxçıvana dron hücumu olub. Nankorluğun dövlət səviyyəsində ən bariz nümunəsidir bu.
Bu hücum İranın terrorçu sifətindən maskaları bir daha düşürdü. Naxçıvana atılan dronlar mülki əhalinin çox olduğu ərazilərə düşüb. Ən dəhşətlisi isə o dronlarla orta məktəb, uşaqlar hədəf alınıb. Əlini azərbaycanlı çocuqların qanına bulamaq istəyir Tehran rejimi. Adını tarixə uşaq qatili kimi yazmaq üçün növbəti cəhdini və səhvini etdi İran!
35 ildir Naxçıvana gediş-gəliş yalnız hava yolu ilə mümkün olur. Ermənistanın blokadası hələ də davam edir. Quru yol isə İran ərazisindən keçir. İndi bu hücumla Muxtar Respublikanı tam şəkildə blokadaya almağa çalışır İran. Ermənistanla növbəti sinxron davranış nümayiş etdirir.
Tehran rejimi dünən Türkiyə, bu gün Azərbaycan ərazisinə raket, dron zərbələri endirdi. Bu davranış normal düşüncəyə, analizə sığmır. Nəyə varmağa çalışır İran? Bütün regionu xaosa sürükləyir? Dörd tərəfini qan gölünə döndərib, o qanlı suda çirkini yumağa çalışır? Bilmir ki, cavabı ağır olacaq? Anlamır ki, Azərbaycanın yeganə müttəfiqlik öhdəliyi Türkiyə ilə bağlıdır və bu, Şuşa Bəyannaməsi ilə təsbit olunub. Həmin sənədə əsasən, tərəflər bir-birinə hərbi təcavüz zamanı yardım göstərə bilər. Bunun nə demək olduğunu xüsusi izah etməyə ehtiyac varmı?
İranda 40 milyona yaxın Azərbaycan türkü yaşayır. Molla rejimi Azərbaycana hücum etməklə ordakı soydaşlarımızın ayağa qalxmasını stimullaşdırır. Güney Azərbaycan mövzusu yenidən aktuallaşsa, bunun qarşısını necə alacaq molla rejimi? 2022-ci ilin payızında güneyli soydaşlarımızın fəallaşmasını nə tez unutdu rəsmi Tehran? Müstəqil, qüdrətli, suverenliyini bərpa etmiş, işğala son qoymuş, separatizmin kökünü kəsmiş Azərbaycan Respublikası öz soyundan olan 40 milyonluq bir topluma sahib çıxmaq haqqını hər zaman özündə saxlayır. Bu elə bir gücdür ki, minlərlə drondan daha böyük “partlamaya” gətirib çıxarar.
Açıq şəkildə İranı müdafiə edən, Naxçıvana dron hücumlarına dolayı yolla haqq qazandırmağa çalışan istənilən Azərbaycan Respublikasının vətəndaşı – xüsusilə ictimai rəyə təsir göstərmək imkanı olan şəxslər – dərhal nəzarətə götürülməli, barəsində araşdırma aparılmalı, qanun qarşısında cavab verməlidir.
Bu hərəkət birbaşa dövlətə, Vətənə xəyanətdir! Bu alçaqlara qarşı yalnız ictimai təpki yetərli sayılmaz. Qanun və dövlət gücü də işə düşməlidir/Globalinfo.az















