Tanınmış yazıçı, əslən təbrizli olan Həmid Herisçinin Təbrizdən yaydığı video-müraciət qalmaqala səbəb olub.
Gündəm24.az Axar.az-a istinadla xəbər verir ki, 28 fevralda ABŞ və İsrailin zərbələri ilə həlak olan Əli Xameneinin böyük fotosu və Səttar xanın heykəli fonunda müraciət yayan Həmid Herisçi Naxçıvana hücumla bağlı məlumat aldığını bildirir.
“Təbriz şəhərindəyəm, xəbərlər gəldi ki, Naxçıvan şəhərinə mərmilər yağıb. Təsəlli verirəm doğma xalqıma. Naxçıvanda ölmüş insanlar, yağmış bombalar üçün Təbriz Bakıya təsəlli verir. Təbrizin özündə də vəziyyət o qədər də yaxşı deyil.
Təbrizdə deyirlər ki, Naxçıvana düşmüş bu bombalar İrandan atılmayıb, başqa yerdən atılıb. Hər halda, Təbrizdə bu söz-söhbət getməkdədir. Baş vermiş hadisə dərindən öyrənilməlidir, öncədən fikirlər demək hələ tezdir”, – Həmin Herisçi deyib.
Bir çox ekspert, sosial şəbəkə istifadəçisi isə bunu Həmid Herisçinin dövlətimizə zidd bu sözlərini “məcbur edilməsi” kimi qiymətləndiriblər. Belə ki, Həmid Herisçi hazırda Təbrizdədir və məlum vəziyyətlə bağlı Azərbaycana gələ bilmir. Ehtimal edilir ki, o, bu videonu yaymağa məcbur da edilə bilər.
Ancaq burda qəribə olan nüanslar var:
1. Həmid Herisçi Naxçıvana “bomba yağışından” danışır. Halbuki Naxçıvana dron hücumu baş verib;
2. Həmid Herisçi Naxçıvanda ölənlərdən bəhs edir, “təsəlli verir”, həm də Təbrizin Bakıya “təsəllisini”. Halbuki Naxçıvanda 4 nəfər xəsarət alıb, onlardan da 3-ü artıq evə buraxılıb. Yəni xoşbəxtlikdən ölüm hadisəsi baş verməyib.
Bu, o deməkdir ki, Həmid Herisçinin hadisə haqqında normal informasiyası yoxdur.
3. Həmid Herisçi niyə bu müraciəti Xameneinin posteri qarşısında edir?
4. Həmid Herisçi müharibədən bir neçə gün öncə Təbrizə getmişdi və müharibə başlayandan sonra yoxa çıxmışdı. İki gün öncə məhz Azərbaycan konsulluğunun birbaşa dəstəyi ilə onunla əlaqə quruldu və Həmid Herisçinin səhhətinin qaydasında olduğu açıqlandı. Bildirildi ki, məlum vəziyyətlə bağlı Həmid Herisçi ilə ailəsi də telefon əlaqəsi saxlaya bilmir.
Əgər H.Herisçi ilə telefon əlaqəsi saxlamaq mümkün deyilsə, demək, internetə çıxış imkanı da yoxdur. Onun hadisə haqda məlumatsızlığı, “ölənlərdən”, “bomba yağışından” bəhs etməsi də buradan qaynaqlana bilər. Bəs, internetə çıxış imkanı olmayan şəxs bu video-müraciəti necə və hansı təxirəsalınmaz səbəbdən yaya bilir?
5. Azərbaycan müxtəlif ölkələrin vətəndaşlarını İrandan təxliyə etməklə məşğuldur, həmçinin öz vətəndaşlarımız da İrandan çıxmaq istəyirlərsə, onlara dərhal yardım edilir. Təbrizdəki Baş Konsulluğun əməkdaşları onun harada olduğunu müəyyən edib, ailəsinə məlumat verə bilirlərsə, Həmid Herisçinin təxliyəsinə də yardım edə bilərdilər. Həmid Herisçinin Azərbaycana qayıtmasına mane olan nədir?














