Mətbuatın yazdığına görə, Azərbaycanda rəsmi məkanlarda dini baş örtüklərinin istifadəsi ilə bağlı yeni tənzimləmənin tətbiqi istiqamətində artıq dövlət səviyyəsində qərar formalaşıb və yaxın zamanlarda bunun rəsmi şəkildə elan olunacağı gözlənilir.
Bu yanaşma xüsusilə orta məktəb, ali təhsil müəssisələri və dövlət qurumlarını əhatə edəcək. Yeni qaydalara əsasən, dini simvol xarakteri daşıyan baş örtüklərinin ictimai məkanlarda istifadəsinin məhdudlaşdırılması, əvəzində isə Azərbaycanın milli örtüyü olan kələğayının təşviq edilməsi nəzərdə tutulur.
Bu qərarın arxasında dayanan əsas məqsədin milli birlik və vahid ictimai mühitin qorunması olduğu bildirilir.
Mövzu ilə bağlı Bakupost.az-a açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli bildirib ki, “dini baş örtüyü və dini geyim” kimi təqdim edilən örtük və geyim dəstlərinin nə müsəlmanlıqla, nə də mənsub olduğumuz böyük türk mədəniyyəti ilə yaxından-uzağa heç bir əlaqəsi yoxdur. Xristian rahibələrinin geyim üslubunu vaxtilə müsəlman hökmdarların saraylarına cariyə və ya nigahda olan xanım kimi yol tapan qadınlar daşıyıblar. İndi də bu geyim üslubunu islam mədəniyyətinin formalaşmasında iştirak edən xalqların dünyagörüşünü, milli mədəniyyətini assimilyasiya etmək üçün məqsədyönlü şəkildə təşviq edirlər”.

Deputatın sözlərinə görə, bu, həm də bir biznes layihəsidir:
“Ətraflı araşdırılsa, dini geyimlər və digər bu kimi nəsnələrin dini sənayenin tərkib hissəsi olduğunu da müəyyənləşdirə bilərik”.
E. Mirzəbəyli Azərbaycan xalqına, onun milli və dini dünyagörüşünə heç bir aidiyyatı olmayan baş örtüyü və digər bu kimi dini atributların təhsil müəssisələrində istifadəsini təqdir etmir.
O eyni zamanda düşünür ki, yetkinlik yaşına çatmamış şəxslərin dini atributlardan istifadəsi, təkcə təhsil müəssisələri müstəvisində deyil, bütövlükdə uşaq hüquqlarının qorunması müstəvisində dəyərləndirilməlidir.
Yetkinlik yaşına çatmış şəxslərə gəldikdə isə, müsahibimiz hesab edir ki, bu sahədə inzibati məhdudiyyətlərin tətbiqi hüquqi baxımdan ziddiyyətli ola və hüquq pozuntularına yol aça bilər:
“Bu səbəbdən, təbliğat, marifləndirmə mühüm əhəmiyyət kəsb edir. Milli geyimlərimiz təşviq olunmalı, ilk növbədə tanınmış şəxslərimiz nümunə yaratmalıdırlar. Milli geyimlərimizin estetik təqdimatı önə keçməlidir”.
Şərqşünas Seyid Camal Əzimbəyli hesab edir ki, bu məsələdə seçim könüllülük prinsipinə əsaslanmalıdır:

“Dünyəvi dövlət olsaq da ölkədə milli, mənəvi, dini dəyərlərin himayəçisi də dövlət və dövlət başçısı, Qarabağın Fatehi İlham Əliyev cənablarıdır. Milli örtük olaraq kəlağayının örtülməsi gözəldir. Ancaq bu seçim könül məsələsidir. Yəni Azərbaycan xanımının şəxsi zövqünə uyğun hər kəsin geyim tərzində öz seçimi olmalıdır. Əsrlərdən gələn mənəvi dəyərlərimizin mühafizə olunaraq yaşadılması milli kimliyimizin qorunmasına da ən böyük xidmətdir”.
Ekspert düşünür ki, bu həssas məsələ mütləq nəzərə alınmalıdır.
İlahiyyatçı Elşad Miri də bu məsələdə insanlara sərbəstlik verilməsinin tərəfdarıdır:

“Bu doğru yanaşma deyil. Hətta xanımlarımıza şəxsiyyət vəsiqəsi verilən zaman onlardan başların açılmasının istənilməsi də doğru deyil. Bununla nə dəyişir ki? Texnoloji imkanların yüksək olduğu bir zamanda tanınmaqda heç bir problem yoxdursa, niyə insanlara qarşı hörmətsiz davranmalıyıq. Bu məsələlər aradan qalxmalı və onları müzakirə etməli deyilik. Belədə bəzi dövlət qurumlarında dini baş örtüyün qadağan edilib, onun kələğayi ilə əvəz edilməsi də könüllülük əsasında olmalıdır”.














