Gürcüstanda yanacağın bahalaşması regionda enerji bazarındakı dalğalanmaların davam etdiyini göstərir. Xüsusilə, qlobal neft qiymətlərindəki dəyişikliklər və logistika xərclərinin artması qonşu ölkələrdə qiymətlərin bazar prinsiplərinə uyğun formalaşmasına səbəb olur. Bu isə təbii olaraq sual yaradır: Gürcüstandakı bu artım Azərbaycanın yanacaq bazarına və ümumi iqtisadi proseslərinə təsir göstərə bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, Gürcüstanda benzin qiymətləri tamamilə bazar tərəfindən tənzimlənir və dövlət müdaxiləsi yoxdur.

Onun sözlərinə görə, bu səbəbdən qlobal bazarlardakı hər hansı dəyişiklik dərhal qiymətlərə təsir edir və artım müşahidə olunur.
“Azərbaycanda isə vəziyyət fərqlidir. Burada yanacaq qiymətləri dövlət tərəfindən tənzimlənir və Tarif Şurası müəyyən edir. Bu səbəbdən qonşu ölkələrdəki qiymət dalğalanmaları birbaşa olaraq daxili bazara təsir göstərmir.
Neft ölkəsi olduğumuz üçün belə qısamüddətli dalğalanmalar Azərbaycanda ciddi problem yaratmır. Hazırda yanacaq qiymətlərində dəyişiklik etməyə ehtiyac yoxdur”, – deyə Natiq
Cəfərli qeyd edib.
Ekspertin fikrincə, Gürcüstandakı bahalaşmanın Azərbaycana dolayı təsirləri də məhdud xarakter daşıyır. Daşınma xərclərində müəyyən artım ehtimalı olsa da, bu artımın ümumi iqtisadi proseslərə ciddi təsir göstərəcəyi gözlənilmir.
Beləliklə, regionda müşahidə olunan qiymət dəyişikliklərinə baxmayaraq, Azərbaycanın tənzimlənən yanacaq bazarı və enerji resursları bu cür xarici təsirlərin minimum səviyyədə qalmasına imkan verir.













