“Hizbullah” hərəkatının baş katibi Naim Qasım Livan-İsrail cəbhəsindəki son vəziyyətlə bağlı sərt bəyanatlarla çıxış edib. Təşkilat lideri vurğulayıb ki, İsrailin hücumları davam etdiyi müddətcə Livanda atəşkəsdən söhbət gedə bilməz. Onun sözlərinə görə, İsrailin “bufer zona” yaratmaq və ya işğal şərtlərini diktə etmək cəhdləri iflasa məhkumdur.
Gündəm24.az xəbər verir ki, Naim Qasım 27 noyabr 2024-cü il tarixli razılaşmanın İsrail tərəfindən sabotaj edildiyini bildirib. O iddia edib ki, İsrail mülki əhaliyə hücumlar etməklə razılaşmanı 10 mindən çox halda pozub.
Baş katib həmçinin qeyd edib ki, “Hizbullah” döyüş taktikasını dəyişərək sabit coğrafi nöqtələrdən imtina edib və hazırda “vur-qaç” üsulu ilə partizan müharibəsini davam etdirir. Diplomatiya məsələsinə toxunan Qasım, birbaşa danışıqları İsrailin Baş naziri Benyamin Netanyahuya “pulsuz güzəşt” adlandırıb və vasitəçilər vasitəsilə diplomatik həllin tərəfdarı olduqlarını bildirib./NOCOMMENT.az














