İran Prezidenti Məsud Pezeşkian dövlət qurumlarının ictimaiyyətlə əlaqələr şöbələrinin əməkdaşları ilə keçirdiyi görüşdə ölkə daxilindəki radikal qüvvələri və İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) hədəf alan sensasiyalı bəyanatlar verib. ABŞ ilə danışıqların əleyhinə olan qrupları kəskin tənqid edən prezident, Tehranın xarici siyasətdə “ləyaqətlə” dialoq aparmasının vacibliyini müdafiə edib.
Gündəm24.az xəbər verir ki, Pezeşkian danışıqlardan imtina edənlərə müraciət edərək, “Əgər danışıqlar aparmaq istəmirsinizsə, deməli, əbədi olaraq müharibə etmək niyyətindəsiniz?” sualını ünvanlayıb.
İranın hazırda ağır müharibə şəraitində olduğunu və iqtisadiyyatın ciddi zərər gördüyünü etiraf edən dövlət başçısı reallıqları gizlətməyin yolverilməz olduğunu bildirib: “Düşmən çökür, biz isə çiçəklənirik deyə bilmərik. Onların da problemləri var, bizim də. Hücumlar nəticəsində 230 milyon kubmetr qaz infrastrukturumuz, elektrik stansiyalarımız və ən böyük polad istehsalı müəssisələrimiz sıradan çıxıb. Neft ixracımız bloklanıb, rahat şəkildə neft sata bilmirik. İnflyasiya qaçılmazdır və xalq bu çətinlikləri qəbul etməlidir”.
Prezident ölkədəki ciddi yanacaq böhranına da toxunaraq qeyd edib ki, İran gündəlik 100 milyon litr benzin istehsal etdiyi halda, real tələbat 150 milyon litrdir. Bu isə həm yay, həm də qış aylarında enerji təminatında dözülməz fəsadlar yaradır.
Çıxışının ən diqqətçəkən və qeyri-adi məqamı isə Pezeşkianın prezidentlik postuna gəlişi ilə bağlı verdiyi etiraf olub. O, ölkə rəhbərliyindəki hərbi-siyasi elitanın təzyiqlərinə və idarəetmədəki çarəsizliyinə eyham vuraraq deyib: “Vəzifəyə gələndə məni nələrin gözlədiyini bilmirdim. Hətta bu gün bura hara gətirildiyimdən də xəbərsiz idim. Məni sadəcə qəfil bura gətirdilər”./NOCOMMENT.az













