Sumqayıtda yaşayış binasında yanğın baş verib.
NOCOMMENT.az xəbər verir ki, hadisə şəhərin 12-ci mikrorayon ərazisində qeydə alınıb. Sakinlərin verdiyi məlumata görə, mənzillərdən birində qəfildən alovlanma başlayıb.
İlkin ehtimallara görə, yanğına evdəki paltaryuyan maşında yaranan qısaqapanma səbəb olub. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.
Hazırda yanğının genişlənməsinin qarşısını almaq və alovu tam söndürmək istiqamətində operativ tədbirlər davam etdirilir. Xəsarət alanlar barədə hələlik rəsmi məlumat yoxdur.














