Bakı-Tbilisi-Bakı beynəlxalq sərnişin qatarında uşaqlar üçün tətbiq olunan güzəşt və qaydalar açıqlanıb.
Gündəm24.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.
Bildirilib ki, sözügedən marşrut üzrə beş yaşınadək uşaqlar ayrıca yer tutmamaq şərtilə pulsuz səyahət edə bilərlər. 5-10 yaş arası uşaqlar üçün isə səyahət sinfi, alış tarixi və mövsümdən asılı olaraq biletlərin qiymətinə 50 faizədək endirim tətbiq olunur.
Qurum sərnişinlərin nəzərinə əsas daşınma qaydalarını da çatdırıb:
– Beş yaşınadək bir uşaq üçün nəzərdə tutulan pulsuz bilet mütləq şəkildə rəsmi qaydada sənədləşdirilməlidir;
– Uşaqların qatarda səyahəti yalnız etibarlılıq müddəti bitməmiş xarici pasport əsasında mümkündür;
– Əgər uşaq ölkə hüdudlarından kənara yalnız bir valideynlə səyahət edirsə, digər valideynin, valideynsiz (digər şəxslərin müşayiəti ilə) səyahət edirsə, hər iki valideynin ayrı-ayrılıqda notarial qaydada təsdiqlənmiş razılıq ərizəsi (etibarnaməsi) təqdim olunmalıdır.
Qeyd edək ki, biletləri ADY-nin rəsmi saytından, “ADY Mobile” tətbiqindən və ya dəmiryol kassalarından əldə etmək mümkündür.













