Bakı-Tbilisi qatarı ilə səfər edəcək sərnişinlər minik zamanı biletlə yanaşı, bir sıra sənədləri də təqdim etməlidirlər.
Gündəm24.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) məlumat yayıb.
Bildirilib ki, sərnişinlərdən pasportun əsli tələb olunur və “Mygov” platformasından əldə edilmiş rəqəmsal versiya keçərli hesab edilmir.
Həmçinin Gürcüstan tərəfinin tələblərinə uyğun səyahət sığortasının olması vacibdir.
Qeyd olunub ki, 5 yaşadək uşaqlarla səfər zamanı onların adına rəsmiləşdirilmiş pulsuz bilet təqdim edilməlidir. Bir valideynlə səyahət edən uşaqlar üçün digər valideynin, valideynsiz başqa bir böyüklə səfər edən uşaqlar üçün isə hər iki valideynin ayrıca notarial qaydada təsdiqlənmiş etibarnaməsi tələb olunur.
ADY sərnişinlərə qatara rahat və sürətli keçid üçün qeyd olunan sənədləri özləri ilə götürməyi tövsiyə edib.
Məlumatda o da vurğulanıb ki, bu gün saat 23:10-da Bakı-Tbilisi qatarı ilk səfərini həyata keçirəcək.













