İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir ABŞ və İran arasında mümkün razılaşmanın yəhudi dövləti üçün təhlükə yaradacağını bildirib.
KONKRET.az xəbər verir ki, nazir İsrailə zərər gətirəcək heç bir sazişə imkan verilməyəcəyini deyib.
O, vurğulayıb ki, belə bir razılaşma insan həyatına təhlükə yarada bilər və hökumət bunun qarşısını almaqda qərarlıdır.
Ben-Qvir qeyd edib ki, Baş nazir Benyamin Netanyahu və hökumət üzvləri İsrailin təhlükəsizliyinə risk yaradacaq addımlara yol verməyəcəklər.
O, həmçinin Livandakı vəziyyətə toxunaraq, İsrailin daha sərt addımlar atmalı olduğunu deyib. Nazir Livanda elektrik enerjisinin kəsilməsini, döyüşlərin Zaharani bölgəsinə qədər genişləndirilməsini və intensiv hərbi əməliyyatlara başlanmasını təklif edib.
Ben-Qvir bildirib ki, İsrail artıq təhlükəni gözləmək və səbir göstərmək siyasətini davam etdirə bilməz. Odur ki, hökumət daha sərt hərbi tədbirlər görməlidir.














