Ermənistanda keçiriləcək parlament seçkiləri yaxınlaşdıqca, Rusiya hakimiyyətinin prosesə birbaşa müdaxilə etmək cəhdləri barədə xəbərlər intensivləşir. Artıq Kremlin xüsusi tapşırığı ilə bu ölkəyə göndərilən Rusiya ermənilərinin ilk qruplarının İrəvana çatmağa başladığı bildirilir. Belə ki, göndərilənlərdən biri jurnalistlərə açıqlamasında Baş nazir Nikol Paşinyanın yenidən seçilməməsi üçün xüsusi olaraq Rusiyadan gəldiyini açıq şəkildə etiraf edib.
NOCOMMENT.az xəbər verir ki, iyunun 7-nə təyin olunan parlament seçkiləri ərəfəsində rəsmi Moskva İrəvan hakimiyyətinə qarşı təzyiqləri kəskin şəkildə artırıb. Nüfuzlu “Reuters” agentliyinin daha əvvəl yaydığı məlumata görə, son aylarda rusiyalı rəsmilər Paşinyanın rəqiblərinə səs qazandırmaq məqsədilə Rusiyada yaşayan minlərlə ermənini mütəşəkkil şəkildə Ermənistana daşımaq planını müzakirə ediblər. Kremlin təxminən 100 min seçicinin ölkəyə daşınması və bu qanunsuz “seçki desantı” əməliyyatı üçün təxminən 50 milyon dollar vəsait ayırdığı iddia olunur.














