Son günlər yağan güclü yağışlar rayonlarda əkinçiliklə məşğul olan insanları narahat edir. Məlumdur ki, bu dövrdə tərəvəz sahələri və meyvə bağları məhsul verir.
Bəs yağışlar əkilən meyvə-tərəvəzlərə necə təsir edir? Hazırda yağan yağış məhsula zərər vura bilərmi?
Gündəm24.az xəbər verir ki, açıqlama verən ekoloq Arzu Mustafayev deyib ki, yağıntılar adətən regionumuz üçün xarakterikdir:
“Lakin yağış normadan dəfələrlə artıq olduqda ziyan verməyə başlayır. Bu ziyan həm xalq təsərrüfatının müxtəlif sahələrinə, həm də kənd təsərrüfatına ciddi təsir göstərir. Digər tərəfdən, yağıntı suları toplanaraq su anbarlarında ehtiyat kimi istifadə oluna bilər və sonradan kənd təsərrüfatının su təminatında mühüm rol oynayar. Xüsusilə quraq və arid zonalarda, eləcə də dəmyə şəraitində becərilən kənd təsərrüfatı bitkiləri üçün yağışların böyük faydası var. Ancaq yağıntılar normadan artıq, davamlı və leysan xarakterli olduqda müxtəlif fəsadlar yaradır”.
Ekoloq bildirib ki, bu təsirləri qısamüddətli və uzunmüddətli olmaqla iki qrupa bölmək olar:
“Qısamüddətli təsirlərdən biri sel və daşqınların yaranmasıdır. Çayların məcrasından çıxması ətrafdakı əkin sahələrinə ciddi ziyan vurur. Hazırda may ayının sonudur və taxıl, xüsusilə arpa sahələrində biçin dövrü yaxınlaşır. Davamlı yağışlar kənd təsərrüfatı texnikasının sahələrə daxil olmasını çətinləşdirir. Nəticədə biçin işləri gecikir. Bundan başqa, hündürboylu taxıl bitkiləri yerə yatır və onların yığılması çətinləşir. Bu da məhsul itkisinin artmasına səbəb olur”.

Arzu Mustafayev
A.Mustafayevin sözlərinə görə, hazırkı dövrdə müşahidə olunan yağıntılar əsasən taxılçılıq üçün müəyyən problemlər yaradır:
“Tərəvəzçilikdə isə ciddi zərər müşahidə olunmur. Əksinə, bəzi hallarda pomidor və digər tərəvəz bitkiləri üçün yağıntıların müsbət təsirləri də olur.
Heyvandarlıqda ot tədarükü baxımından da həm müsbət, həm mənfi tərəflər mövcuddur. Müsbət tərəfi odur ki, yağıntılar otun yaşıl kütləsinin artmasına səbəb olur və məhsuldarlığı yüksəldir. Mənfi tərəfi isə otun biçilməsi, qablaşdırılması və daşınması proseslərinin çətinləşməsidir. Bəzən aramsız yağışlar nəticəsində biçilib yığılmış ot kütləsi yaş vəziyyətdə qalır, qızışır və xarab olur ki, bu da təsərrüfatlara ziyan vurur. Bunlar əsasən qısamüddətli təsirlərdir. Uzunmüddətli təsirlər sırasında isə torpaq eroziyasının sürətlənməsi xüsusi yer tutur”.
Arzu Mustafayev deyib ki, güclü və intensiv yağışlar eroziya proseslərini gücləndirir, torpağın münbitliyinə mənfi təsir göstərir:
“Bundan əlavə, xüsusilə dağlıq ərazilərdə sürüşmə proseslərini aktivləşdirə bilər. Nəticədə bəzi əkin sahələri yararsız hala düşə və təsərrüfatlar iqtisadi zərərə məruz qala bilər. Yağıntıların mənfi təsirləri ilə müqayisədə dolunun vurduğu zərər daha böyükdür. Dolu əmələ gəldikdə buz kristalları şəklində yerə düşür və kənd təsərrüfatı bitkilərinə ciddi ziyan vurur. Xüsusilə birillik bitkilər doluya qarşı daha həssas olur. Kartofçuluq, meyvəçilik və digər sahələr üçün dolu böyük təhlükə hesab edilir. Dolu meyvələri zədələyir və ya məhv edir, ağacların budaqlarını sındırır, hətta bitkinin gələcək inkişafına mənfi təsir göstərə bilir. Bu səbəbdən kənd təsərrüfatına dəyən zərər baxımından dolu adi yağışlarla müqayisədə qat-qat daha təhlükəli hesab olunur”./GLOBALINFO.AZ/














