İranın yeraltı raket bazalarının yenidən fəaliyyətə başlamasını əks etdirən peyk görüntüləri ABŞ-nin hava zərbələri strategiyasının məhdudiyyətlərini ortaya qoyub. Məlumata görə, Tehrana məxsus uzaqmənzilli raket arsenallarının operativ şəkildə torpaq altından çıxarılması, ölkənin İsrailə və Yaxın Şərqdəki digər hədəflərə qarşı daha güclü zərbələr endirməyə hazır olduğunu nümayiş etdirir. CNN-in təhlil etdiyi peyk şəkillərindən aydın olur ki, İran rəhbərliyi buldozer və özüboşaldan yük maşınları kimi sadə texnikalardan istifadə etməklə tunel girişlərini təmizləyib. Bu isə yalnız tunel ağızlarını bombalamaqla Tehranın raket potensialını tamamilə yox etməyin qeyri-mümkün olduğunu sübut edir.
NOCOMMENT.az xəbər verir ki, təxminən yeddi həftə əvvəl əldə olunmuş atəşkəsdən sonra İranın yeraltı raket bazalarını yenidən qazıb çıxarmaq cəhdləri xeyli aktivləşib. CNN-in araşdırmasına əsasən, ABŞ və İsrail tərəfindən 18 yeraltı raket bazasında vurulmuş 69 tunel girişindən 50-si artıq İran tərəfindən yenidən açılıb. Tehran rəhbərliyi, həmçinin bombardman edilən strateji yolları və bazaların digər sahələrini də təmir edib. Peyk şəkilləri göstərir ki, raket zərbələri nəticəsində yaranan kraterlərin demək olar ki, hamısı doldurulub, hətta iki mühüm ərazidə yollara yenidən asfalt örtüyü çəkilib. Ekspertlərin fikrincə, İranın yeraltı anbarlarında hələ də 1000-ə yaxın raket qorunub saxlanılır və yerin dərrinliyində yerləşən bu arsenalların hava hücumlarından ciddi ziyan görmədiyi ehtimal edilir.















