Yaxın Şərqdə ABŞ və İran silahlı qüvvələri arasında birbaşa və irimiqyaslı hərbi qarşıdurma başlayıb. Tərəflər bir-birlərinin strateji hərbi obyektlərinə raket və pilotsuz uçuş aparatları (PUA) ilə ağır zərbələr endirdiklərini bəyan ediblər.
NOCOMMENT.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) və İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) rəsmi məlumatlar yayıb.
CENTCOM-un bəyanatına görə, iyunun 2-də İran tərəfindən regiondakı ABŞ qüvvələrinə yönəlik hücum cəhdlərinin qarşısı alınıb. ABŞ hərbçiləri özünümüdafiə məqsədilə İranın atdığı 5 ballistik raketdən heç birinin hədəfə çatmasına imkan verməyib və 3 hücum dronunu havada uğurla məhv ediblər. Bunun ardınca ABŞ ordusu İranın nəzarətində olan Keşm adasındakı hərbi yerüstü idarəetmə məntəqəsinə cavab zərbəsi endirərək obyekti sıradan çıxarıb.
İran tərəfi isə ABŞ-ın bu hücumuna dərhal və daha kəskin formada cavab verdiyini açıqlayıb. SEPAH-ın yaydığı bəyanatda bildirilir ki, Keşm adasına edilən hücumun qisası olaraq, ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasının qərargahına, həmçinin Bəhreyn ərazisində yerləşən ABŞ hərbi-dəniz bazasına çoxsaylı dron və raketlərlə zərbələr endirilib.
Bundan başqa, Tehran Yaxın Şərq ölkələrindən birində yerləşən ABŞ-a məxsus gizli aviabazanın da hədəf alındığını iddia edib. Qarşılıqlı hücumlar nəticəsində qeydə alınan tələfat və dağıntıların miqyası barədə hələlik rəsmi məlumat verilmir.














