Azərbaycanın sevilən aktrisası, Əməkdar artist Dilarə Əliyeva bu dəfə pərəstişkarlarını tamamilə fərqli və gözlənilməz bir ampluada təəccübləndirməyi bacarıb. Həmişə pozitivliyi və səmimiliyi ilə seçilən sənətçi, Bakıda keçirilən rəsmi mədəniyyət tədbirlərindən birində model qismində podiuma addımlayıb.
NOCOMMENT.az xəbər verir ki, Tacikistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İlhom Abduraxmonun və digər rəsmi qonaqların iştirak etdiyi xüsusi mədəniyyət gecəsində tanınmış tacik dizaynerləri — Xurşed Sattorov, Sulxiya Qulomova və Vays Asoevin eksklüziv dəb nümayişi baş tutub. Heyranedici şounun ən sürpriz məqamlarından biri isə aktrisa Dilarə Əliyevanın rəngarəng tacik milli geyimində səhnəyə çıxması olub.
Onun podiumdakı özünəməxsus sərbəst tərzi, yüksək enerjisi və nümayiş etdirdiyi geyimi daşıma məharəti tədbir iştirakçıları tərəfindən böyük maraq, sürəkli alqışlarla qarşılanıb.
Xalq artisti Gülyanaq Məmmədova və tacikistanlı sənətçilərin musiqili çıxışları ilə müşayiət olunan gecədən aktrisanın model qismindəki görüntüləri qısa müddətdə sosial şəbəkələrdə yayılaraq geniş müzakirələrə səbəb olub. İzləyicilər Əməkdar artistin bu yeni və xarizmatik obrazını yüksək qiymətləndiriblər.














