Abaran mahalı: Alagözün ətəyində tarix yazan qədim Azərbaycan yurdu
Qərbi Azərbaycanın qədim mahallarından biri olan Abaran mahalı əsrlər boyu Azərbaycan xalqının yaşadığı, zəngin tarixə və mədəni irsə malik bölgələrdən biri olub. İrəvan xanlığının mühüm inzibati vahidlərindən sayılan bu mahal Alagöz dağının ətəklərində yerləşməsi, münbit düzənlikləri və bol su ehtiyatları ilə seçilib.
Tarixi mənbələrdə Abaranın adına XVI əsrdən etibarən rast gəlinir. 1728-ci il tarixli “İrəvan əyalətinin icmal dəftəri”ndə Abaran nahiyəsinin və burada yerləşən Abaran kəndinin adı qeyd olunur. Mahal uzun müddət İrəvan xanlığının tərkibində mövcud olub və bölgənin ictimai-iqtisadi həyatında mühüm rol oynayıb.
Abaran mahalının ərazisindən Alagöz dağının yamaclarından başlayan Abaran çayı axırdı. Uzunluğu 98 kilometr olan bu çay əkinçilik və maldarlığın inkişafında mühüm əhəmiyyət daşıyırdı. Mahalın əhalisi əsasən əkinçilik, heyvandarlıq, arıçılıq və sənətkarlıqla məşğul olur, kəndlərdə zəngin adət-ənənələr yaşadılırdı. Abaran düzənliyi məhsuldar torpaqları ilə bölgənin ən əlverişli yaşayış məkanlarından biri hesab edilirdi.
XIX əsrin əvvəllərində Rusiya–İran müharibələri və bölgədə baş verən siyasi dəyişikliklər Abaran mahalının taleyinə də təsir göstərdi. Türkmənçay müqaviləsindən sonra ərazi Rusiya imperiyasının idarəsinə keçdi və inzibati bölgülərdə dəyişikliklər aparıldı. Sonrakı dövrlərdə mahalın demoqrafik tərkibi dəyişdirildi, yerli azərbaycanlı əhali müxtəlif mərhələlərdə doğma yurdlarını tərk etməyə məcbur oldu. XX əsrin sonlarında isə bölgədə yaşayan son azərbaycanlılar da deportasiya edildi.
1930-cu il sentyabrın 9-da Abaran rayonu yaradıldı. 1935-ci ildə isə rayonun adı dəyişdirilərək “Aparan” adlandırıldı. Bununla belə, Abaran adı qərbi azərbaycanlıların yaddaşında öz tarixi mahiyyətini qoruyub saxladı və bu gün də ata-baba yurdu kimi ehtiramla xatırlanır.
Abaran mahalı təkcə bir coğrafi məkan deyil, həm də Qərbi Azərbaycanın tarixini, mədəniyyətini və milli yaddaşını yaşadan müqəddəs yurd yerlərindən biridir. Alagözün ətəklərində ucalan bu qədim mahalın adı bu gün də minlərlə soydaşımız üçün doğma ocaq, itirilmiş yurd və unudulmayan xatirə deməkdir.
Qərbi Azərbaycan İcması Sumqayıt Nümayəndəliyi
Ramiz İsmayılov














