Dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin ikinci günü başlayıb.
Sertifikasiyanın ikinci günündə maksimum 60 bal toplayan müəllimlərdən biri də Tovuz rayon Dondar Quşçu kənd tam orta məktəbinin Təsviri incəsənət müəllimi Mirzəyeva Şərabanıdır.
Gündəm24.az xəbər verir ki, bu münasibətlə azedu.az həmin müəllimlə həmsöhbət olub.
O qeyd edib ki, imtahandan maksimum bal toplamaq onun üçün gözlənilməz olub:
“Sertifikasiya imtahanından 60 – maksimum balı toplamaq mənim üçün də gözlənilməz oldu, böyük bir sürpriz yaşayıram. Doğrusu, nəticəni görəndə çox həyəcanlandım.
İmtahanın çətinlik dərəcəsini orta qiymətləndirirəm. Hazırlıq prosesinə gəlincə, əlavə kömək alsam da, əsasən özüm hazırlaşmışam. İmtahana hazırlaşarkən özümü çox yoracaq dərəcədə deyil, orta səviyyədə, amma tamamilə sistemli şəkildə çalışırdım. Oxumağı, qaydaları təkrar etməyi diqqətdən kənar qoymurdum və hər gün ən azı müəyyən qədər vaxt ayırıb məlumatları oxumağa çalışırdım”.
İmtahanlar müəllimlərdə daha çox məsuliyyət hissi formalaşdırır:
“Uğur qazanmaq, yüksək bal toplamaq istəyən həmkarlarıma da məhz bunu tövsiyə edirəm: qaydaları diqqətlə oxumağa vaxt ayırsınlar və sistemli çalışsınlar. İmtahanda keçid balını toplaya bilməyən müəllimlərdə isə düşünürəm ki, əsas səbəb həyəcan faktorudur. Həyəcan mənfi təsir edir və çətinlik yaradır.
Ümumilikdə, sertifikasiya imtahanlarının keçirilməsini çox müsbət qiymətləndirirəm. Bu proses sayəsində müəllim hər daim öz üzərində işləyir, özünü yeniləyir və oxuyur.
Növbəti mərhələ olan müsahibəyə gəlincə, hələ ki tam bir şey deyə bilmərəm, həm də bir az həyəcanlıyam. Hər şey qismətdir, inşallah, o mərhələ də yaxşı olar”.














