Moskva son beş gün ərzində üçüncü dəfə genişmiqyaslı pilotsuz uçuş aparatı (PUA) hücumuna məruz qalıb.
Gündəm24.az Ajans.az-a istinadən xəbər verir ki, paytaxt meri Sergey Sobyanin bildirib ki, iyunun 22-də saat 03:00-dan 10:00-dək Moskva istiqamətində hərəkət edən 80 dron hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib.
Sobyaninin sözlərinə görə, hücum nəticəsində ölən və ya xəsarət alanlar barədə məlumat yoxdur. Hazırda hadisə yerlərində fövqəladə xidmətlərin əməkdaşları fəaliyyət göstərir.
Hücum fonunda Moskvanın Şeremetyevo hava limanında müvəqqəti uçuş məhdudiyyətləri tətbiq olunub. Vnukovo və Domodedovo hava limanları isə aidiyyəti qurumlarla koordinasiya şəraitində fəaliyyətini davam etdirir. “Aeroflot” şirkəti bəzi reyslərin təxirə salındığını və ləğv edildiyini açıqlayıb.
Ukrayna mənbələrinin yaydığı görüntülərdə Moskva vilayətinin müxtəlif ərazilərində uçan dronlar əks olunub. Şahidlərin sözlərinə görə, paytaxt ətrafında hava hücumundan müdafiə sistemləri gücləndirilmiş rejimdə işləyir.
Xatırladaq ki, iyunun 19-da baş verən əvvəlki hücum zamanı Moskva istiqamətində 76 dronun vurulduğu bildirilmişdi. Daha əvvəl isə paytaxta rekord sayda – 194 pilotsuz uçuş aparatının hücum etdiyi açıqlanmışdı.
Həmin hücum zamanı əsas hədəflərdən birinin Moskva Neft Emalı Zavodu olduğu bildirilirdi. Bir sıra yaşayış binaları və kommersiya obyektlərinə də ziyan dəymişdi.
Moskva vilayətinin qubernatoru Andrey Vorobyov daha əvvəlki hücumlar nəticəsində 17 nəfərin yaralandığını, 8 yaşlı bir qızın isə həyatını itirdiyini açıqlamışdı.
Hazırda vəziyyətlə bağlı əlavə məlumatların dəqiqləşdirilməsi davam edir.














