Saytımıza daxil olan şikayətə əsasən, “Tamstore” marketlər şəbəkəsindən alınan məhsulların yerləşdirildiyi paketlərdən kəskin kimyəvi (neftə bənzər) qoxu gəldiyi iddia olunur. İstehlakçılar həmin paketlərə qoyulan qida məhsullarının sağlamlıq üçün təhlükə yaradıb-yaratmayacağı ilə bağlı narahatlıq ifadə edirlər.
Belə paketlərin qida məhsullarının qablaşdırılması və daşınması üçün təhlükəsiz olub-olmadığını necə müəyyən etmək olar? Kəskin kimyəvi qoxu bu məhsulların keyfiyyəti və ya təhlükəsizliyi barədə nəyi göstərə bilər? İstehlakçılar bu kimi hallarla qarşılaşdıqda nələrə diqqət etməli və hansı addımları atmalıdırlar?
Redaktor.az-a danışan qida eksperti İlkin Şirinov bildirdi ki, qida ilə təmasda olan məhsulların daşınması və qablaşdırılması üçün nəzərdə tutulmuş polietilen məmulatlar mütləq qida təyinatlı olmalıdır.
“Bu məhsulların üzərində xüsusi işarələr olmalıdır ki, istehlakçı həmin məhsulun qida ilə təmas zamanı insan sağlamlığı üçün təhlükəsiz olduğunu müəyyən edə bilsin. Bundan əlavə, paketlərin üzərində istehsalçı müəssisənin adı, istehsal yeri, keyfiyyət nişanı və qida ilə təmas zamanı heç bir problem yaratmadığını təsdiq edən müvafiq sertifikat barədə məlumat da yer almalıdır. Təbii ki, bu sənədlərin hamısı istehsalçı və ya istifadəçi şirkətdə mövcud olmalıdır”.
Ekspert qeyd etdi ki, ən vacib məqamlardan biri də odur ki, daşınmada istifadə olunan polietilen torbalar və sellofan paketlər heç bir yad qoxuya malik olmamalıdır.
“Mümkündür ki, təkrar emal olunmuş və qida üçün nəzərdə tutulmayan polietilen paketlərdən istifadə edilsin. Belə paketlər adətən tikinti materiallarının, sənaye məhsullarının daşınması və ya qablaşdırılması üçün istehsal olunur. Bu da ehtimal olunan səbəblərdən biridir.
Digər mühüm məqam isə odur ki, əgər istehlakçılar paketlərdə yad qoxu hiss edərlərsə, həmin paketlərdə qida məhsullarını uzun müddət saxlamamalıdırlar. Eyni zamanda, problem polietilen paketlərin istehsal prosesindən də qaynaqlana bilər. Bildiyimiz kimi, istehsal zamanı müxtəlif kimyəvi qatqılardan və rəngləndiricilərdən istifadə olunur. Əgər texnoloji prosesdə hər hansı pozuntu baş verərsə və ya avadanlıqlarda nasazlıq yaranarsa, bu, özünü paketlərin qoxusunda göstərə bilər.
Belə hal aşkar edildikdə, mağaza rəhbərliyi və ya məsul şəxslər həmin polietilen paketləri dərhal dövriyyədən çıxarmalı və istehsalçıya geri qaytarmalıdırlar. Bu, həm istehlakçı narazılığının qarşısını almaq, həm də mümkün riskləri aradan qaldırmaq baxımından vacibdir.
Əgər istehlakçıların bununla bağlı hər hansı şübhəsi və ya narazılığı yaranarsa, mütləq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə məlumat verilməlidir. Həmin paketlər laboratoriyada analiz edilməli, onların qida ilə təmas zamanı insan sağlamlığı üçün hər hansı təhlükə yaradıb-yaratmadığı müəyyənləşdirilməlidir. Yalnız bundan sonra yekun qərar qəbul olunmalıdır”.













