İranda molla rejiminin gələcəyi və hakimiyyət sisteminin dəyişməsi ehtimalı yenidən müzakirə mövzusuna çevrilib. Xüsusilə son aylarda Yaxın Şərqdə baş verən gərgin hadisələr fonunda Tehrandakı siyasi sistemin davamlılığı ilə bağlı müxtəlif fikirlər səsləndirilir.
Bəs İranda mövcud dini-siyasi rejimin yaxın gələcəkdə devrilməsi mümkündürmü?
Gündəm24.az mövzu ilə bağlı KONKRET.az-a danışan Ağ Partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı hesab edir ki, İranda molla rejiminin dayaqları kifayət qədər güclüdür və onun yaxın perspektivdə süquta uğraması real görünmür.

Onun sözlərinə görə, bunu son hadisələr də göstərib:
“İranda molla rejiminin dayaqlarının nə qədər güclü olduğunu son hadisələr zamanı gördük. Ali dini lider Ayətullah Əli Xameneinin həlak olması və ölkəyə qarşı ABŞ və İsrailin hücumları fonunda belə sistem sarsılmadı. Əksinə, hakimiyyət mexanizmi fəaliyyətini davam etdirdi. Bu, rejimin cəmiyyət daxilində müəyyən dayaqlara malik olduğunu göstərir.”
Siyasi şərhçi bildirib ki, İranda hakimiyyət yalnız daxildə genişmiqyaslı xalq hərəkatı nəticəsində dəyişə bilər:
“Bunun müəyyən əlamətlərini ötən ilin sonlarında baş verən etirazlarda gördük. Aksiyalar bir aydan çox davam etsə də, nəticə vermədi. Əhalinin heç yarısı rejimi devirmək məqsədilə ayağa qalxmadı. Üstəlik, xarici hərbi qarşıdurma başlayanda həmin narazı kütlənin də bir hissəsi dövlət ətrafında birləşdi.”
Cavanşir Abbaslının fikrincə, 1979-cu ildə formalaşan siyasi sistem hələ də öz dayanıqlığını qoruyur:
“Hazırkı vəziyyət göstərir ki, İranda rejimin çökməsi yaxın perspektivdə real görünmür. 1979-cu ildən qurulan sistem bu gün də fəaliyyətini davam etdirir və görünən odur ki, bundan sonra da mövcudluğunu qoruyacaq.”
Ekspert qeyd edib ki, ölkədə prezident institutu mövcud olsa da, əsas siyasi qərarlar ali dini liderin iradəsindən asılıdır:
“İranda prezident var, amma onun səlahiyyətlərinin ali dini liderdən asılı olduğunu dəfələrlə görmüşük. Son ABŞ–İsrail–İran qarşıdurması zamanı da əsas qərarverici fiqurun məhz ali dini lider olduğu bir daha təsdiqləndi.
Hakim dairələr mövcud sistemin dağılmasının ölkənin dövlətçiliyi üçün ciddi risklər yarada biləcəyini anlayırlar.
Hakimiyyət bunu yaxşı bilir. Ona görə də mövcud sistemi qorumağa çalışır. Çünki bu sistemin çökməsi İranın dövlətçilik əsaslarını təhlükə altına qoya bilər.”














