Paytaxtın Xəzər rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə təqsirli bilinən və sosial şəbəkələrdə “Arzum 9999” ləqəbi ilə tanınan tiktoker İlduzə Hacıyevaya məhkəmənin hökmü ilə 5 il 2 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Onun 18 yaşına çatmayan dörd övladının olması isə cəmiyyətdə onların gələcək taleyi ilə bağlı suallar yaradıb.
Bəs qanunvericiliyə əsasən belə hallarda uşaqlar kimə verilir, onlar hansı hallarda dövlət himayəsinə götürülə bilər?
Gündəm24.az bildirir ki, mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hüquqşünas Tağı Hüseynov bildirib ki, ananın azadlıqdan məhrum edilməsi uşaqların avtomatik olaraq uşaq evinə yerləşdirilməsi demək deyil.

Onun sözlərinə görə, valideynlər rəsmi nikahda olduqları halda, uşaqların himayəsi ilk növbədə ataya verilir.
“Əgər valideynlərin rəsmi nikahı varsa, ana cəza çəkdiyi müddətdə uşaqlar atanın himayəsində qalmalıdır. Uşaqların uşaq evinə verilməsi yalnız son variant hesab olunur. Əgər ata müxtəlif səbəblərdən uşaqları himayəsinə götürməkdən imtina edərsə və ya buna imkanı olmazsa, bu zaman nənə, baba və ya digər yaxın qohumlar aidiyyəti dövlət orqanlarına müraciət edərək onların himayəsini öz üzərlərinə götürə bilərlər”, – deyə hüquqşünas vurğulayıb.
Tağı Hüseynov qeyd edib ki, yalnız uşağa baxacaq valideyn və ya yaxın qohum olmadığı, yaxud onların da himayədən imtina etdiyi hallarda azyaşlıların dövlət himayəsinə verilməsi məsələsi gündəmə gələ bilər.
“Əgər uşağa sahib çıxan olmazsa və ya valideynlərdən biri könüllü şəkildə ondan imtina edərsə, eləcə də yaxın qohumlar onu öz himayələrinə götürmək istəməzlərsə, uşaq dövlət himayəsinə verilərək müvafiq uşaq müəssisəsində yerləşdiriləcək. Yəni qanunvericilikdə prioritet hər zaman uşağın ailə mühitində böyüməsinin təmin edilməsidir”, – deyə hüquqşünas əlavə edib.














