Şəhid Bəxtiyar Gənciyevin anası Gülcənnət Gənciyeva və qardaşı İxtiyar Gənciyev Gündəm24.az-a şikayət müraciəti ediblər.
Müraciətdə bildirilir ki, şəhid Bəxtiyar Gənciyevin adını daşıyan küçənin yolu uzun müddətdir bərbad vəziyyətdədir. Ailə bu problemlə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsə də, məsələ həllini tapmayıb.
Şəhidin qardaşı qeyd edir ki, 2026-cı ilin fevral ayında 84 yaşlı anası ilə birlikdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədovun qəbulunda olublar. Həmin görüşdə küçənin yolunun təmir ediləcəyi bildirilsə də, sonradan heç bir iş görülməyib. Təxminən beş ay sonra yenidən qəbulda olduqlarını deyən müraciət müəllifi, bu dəfə də bir həftə ərzində yolun təmir ediləcəyinə söz verildiyini, lakin həmin vədin də yerinə yetirilmədiyini vurğulayır.
Şikayətçilər bildirirlər ki, çoxsaylı müraciətlər nəticəsiz qalıb, hazırda isə telefon zənglərinə də cavab verilmir. Onların fikrincə, şəhid Bəxtiyar Gənciyevin adını daşıyan küçənin bu vəziyyətdə saxlanılması şəhidin xatirəsinə hörmətsizlikdir.
Məsələ ilə bağlı Gündəm24.az Masallı rayonunun Bədəlan kənd icra nümayəndəsi Mətanət Paşayeva ilə əlaqə saxlayıb.
Mətanət Paşayeva bildirib ki, sözügedən küçə itkin şəhid Bəxtiyar Gənciyevin adını daşıyır və həmin yol kənd bələdiyyəsinin balansındadır. Onun sözlərinə görə, bələdiyyənin maliyyə imkanları məhduddur və hesabında vəsait olmadığından bu günədək yolun təmiri mümkün olmayıb.
İcra nümayəndəsi əlavə edib ki, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov yolun təmir olunacağına söz verib. O bildirib ki, məqsəd ilin sonunadək yolun bərpası istiqamətində işlərin görülməsidir və bu məsələ ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Bu, təkcə bərbad vəziyyətdə olan bir yol problemi deyil. Bu, şəhid ailəsinin illərdir cavabsız qalan harayıdır. Şəhid Bəxtiyar Gənciyev itkin şəhid olduğu üçün ailənin ziyarət edəcəyi bir məzar da yoxdur. 84 yaşlı ana oğlunun məzarı başında dua edib təsəlli tapa bilmir.
Bu ailənin oğlundan qalan ən böyük mənəvi yadigar onun adını daşıyan küçədir. Lakin həmin küçənin illərdir baxımsız və keçilməz vəziyyətdə saxlanılması ailənin fikrincə, şəhidin xatirəsinə göstərilən diqqətin yetərli olmadığını göstərir. Onlar bildirirlər ki, heç olmasa şəhidin adını daşıyan küçənin abadlaşdırılması həm onun xatirəsinə ehtiramın ifadəsi, həm də illərdir övlad həsrəti ilə yaşayan ailəyə mənəvi təsəlli olardı.
Şəhidin məzarı yoxdur, amma adını daşıyan küçə var. O küçənin də bu vəziyyətdə qalması ailənin ağrısını daha da artırır və cəmiyyətdə haqlı suallar doğurur. Diqqət çəkən məqamlardan biri də Bədəlan kənd icra nümayəndəsi Mətanət Paşayevanın məsələyə münasibəti olub. Onun sözlərinə görə, hazırda kənddə sakinlər qeyri-rəsmi şəkildə birləşərək öz küçələrinin yollarını bərpa edirlər. Lakin o bildirib ki, heç kəsi şəhid Bəxtiyar Gənciyevin adını daşıyan küçənin yolunu təmir etməyə məcbur edə bilməz. İcra nümayəndəsinin ifadəsinə görə, əvvəlcə digər küçələrin yolları bərpa olunacaq, daha sonra isə şəhidin adını daşıyan küçənin yolunun təmiri nəzərdən keçiriləcək.
Bu yanaşma isə haqlı sual doğurur: əgər şəhidin adını daşıyan küçə də digər küçələr kimi növbə gözləyəcəksə, bəs şəhidlərin xatirəsinə göstərilən xüsusi ehtiram harada qalır? Şəhid ailəsi də hesab edir ki, bu məsələyə adi yol problemi kimi deyil, dövlətə canını fəda etmiş bir Vətən övladının xatirəsinə münasibət prizmasından yanaşılmalıdır.
Beləliklə, bir tərəfdən şəhid ailəsi illərdir davam edən problemin hələ də həllini tapmadığını bildirir, digər tərəfdən isə yerli icra nümayəndəliyi yolun bələdiyyənin balansında olduğunu və maliyyə çatışmazlığı səbəbindən işlərin gecikdiyini, lakin ilin sonuna qədər problemin aradan qaldırılması istiqamətində tədbirlərin görüləcəyini qeyd edir.














