Qərbi Azərbaycan kəndləri – Doqquz
Doqquz kəndi Qərbi Azərbaycanın tarixi Gərnibasar mahalında, keçmiş Qəmərli rayonu ərazisində, Qəmərli qəsəbəsindən təxminən 6 kilometr şimalda, Gərni çayının sol sahilində yerləşirdi. Kənd 1590-cı il “İrəvan əyalətinin müfəssəl dəftəri”ndə və 1728-ci il “İrəvan əyalətinin icmal dəftəri”ndə Doqquz kəndi kimi qeyd olunub. 1728-ci il mənbəsində kəndin başqa adının Qahablı olduğu da göstərilir.
XIX əsrin əvvəllərinə qədər kənddə əsasən azərbaycanlılar yaşayıb. 1828–1829-cu illərdə İrandan köçürülən ermənilərin kənddə yerləşdirilməsindən sonra Doqquz qarışıq yaşayış məntəqəsinə çevrilib. 1831-ci ildə kənddə 127 azərbaycanlı yaşayırdı. 1873-cü ildə isə kənddə 159 azərbaycanlı və 390 erməni qeydə alınmışdı.
Kəndin əhalisi 1918-ci ilin əvvəllərində silahlı hücumlar nəticəsində doğma yurdunu tərk etməyə məcbur olub. Həmin dövrdə 36 təsərrüfatdan 210 azərbaycanlı kənddən qovulub və əhali bir neçə il Cənubi Azərbaycanda sığınacaq tapıb. Sonradan kənd sakinlərinin bir hissəsi doğma yurdlarına qayıdıb.
Doqquz kəndinin təsərrüfat həyatında dəyirmanlar da mühüm yer tutub. Keçmişdə kənddə səkkiz dəyirman olduğu bildirilir. Onlardan Həsənağanın dəyirmanının adı bu günə qədər yaddaşlarda qalıb. Dəyirmanın yaxınlığında Həsənağanın bulağı və qozluğu da yerləşirdi.
Kəndin adı 20 avqust 1945-ci ildə dəyişdirilərək Kanaçut qoyulub. Doqquz adı isə Qərbi Azərbaycanın tarixi Azərbaycan toponimlərindən biri kimi yaddaşlarda yaşamaqdadır.
Qərbi Azərbaycan İcması Sumqayıt Nümayəndəliyi
Ramiz İsmayılov














