Samux rayonunda qarayara xəstəliyinin aşkar olunması ilə bağlı xəbərlər gündəmdədir. Məsələ ilə bağlı qida eksperti İlkin Şirinov açıqlama verərək əhaliyə çox ciddi və təcili xəbərdarlıq edib.
Gündəm24.az-a müsahibə verən qida eksperti İlkin Şirinov bildirib ki, qarayara xəstəliyi zoonoz (heyvandan insana keçən) və son dərəcə təhlükəli, hətta ölümçül infeksiyadır. Xəstəliyin törədiciləri olan spora formalı bakteriyalar torpaqda və mühitdə illərlə sağ qala bilir.
“Vəziyyət çox ciddidir!”
İlkin Şirinov xüsusilə vurğulayıb ki, hazırda əhalinin ən çox diqqət etməli olduğu məqam qida təhlükəsizliyidir:
“Qarayara spora əmələ gətirən bakteriyadır və ət vasitəsilə insanlara çox sürətlə yoluxa bilər. Hazırda əsas təhlükə mənşəyi məlum olmayan, küçə ticarətində və ya nəzarətsiz kəsilən ətlərdir. Vətəndaşlar qətiyyən veterinar müayinəsindən keçməyən, baytarlıq arayışı olmayan ət və ət məhsullarını almamalıdırlar!”
Ekspertin sözlərinə görə, infeksiyanın qarşısını almaq üçün aşağıdakı qaydalara mütləq əməl olunmalıdır:
- Küçələrdən və qeyri-qanuni kəsim məntəqələrindən ət almayın.
- Xəstə və ya şübhəli görünen heyvanların kəsilməsinə qətiyyən icazə verməyin.
- Əti termik emaldan tam keçirin (yaxşı bişirin).
- Heyvanlarla təmasda olan şəxslər hər hansı dəri zədələnməsi və ya yüksək qızdırma hiss edərsə, dərhal həkimə müraciət etməlidirlər.
Ekspert əlavə edib ki, aidiyyəti qurumlar tərəfindən xəstəlik aşkar olunan təsərrüfatlar karantinə alınmalı və dezinfeksiya tədbirləri həyata keçirilməlidir.
Əli Əliyev
Gündəm24.az














