Qərbi Azərbaycan kəndləri – Ağhəmzəli
Ağhəmzəli kəndi Qərbi Azərbaycanın tarixi Zəngibasar mahalında, keçmiş Zəngibasar rayonunun ərazisində yerləşən qədim Azərbaycan kəndlərindən biri olub. Kənd Uluxanlı qəsəbəsindən təxminən 6 kilometr cənub-şərqdə, İrəvan–Naxçıvan–Culfa yolu üzərində yerləşirdi.
Kəndin adına 1590-cı il “İrəvan əyalətinin müfəssəl dəftəri”ndə Molla Polad, 1728-ci il mənbəsində isə Molla Qulad adı ilə rast gəlinir. Sonrakı mənbələrdə kənd Ağhəmzəli, yerli tələffüzdə isə Ağhamzalı və Ağamzalı kimi qeyd olunub.
XIX əsrdə kənddə azərbaycanlılarla yanaşı ermənilər də yaşayıb. 1832-ci ildə kənddə 332 nəfər türk-müsəlman və İrandan köçürülmüş 203 erməni qeydə alınıb. 1873-cü ildə isə kənddə 301 azərbaycanlı və 317 erməni yaşadığı göstərilir.

1918-ci ildə Ağhəmzəli kəndinin azərbaycanlı əhalisi ağır hücumlara məruz qalıb. Mənbələrə görə, həmin il kənddə yaşayan 843 azərbaycanlı soyqırımına məruz qalıb, sağ qalanların bir hissəsi Türkiyəyə sığınıb. Sovet hakimiyyətinin ilk illərində onların az bir qismi kəndə geri dönə bilib.
1922-ci ildə kənddə 93, 1926-cı ildə 98, 1931-ci ildə isə 207 azərbaycanlının yaşadığı qeyd olunur. Lakin 1948-ci ildə kəndin bütün türk-müsəlman əhalisi Azərbaycana deportasiya edilib.
Ağhəmzəli kəndinin adı 25 may 1967-ci ildə dəyişdirilərək Marmaraşen qoyulub. Kənd Qərbi Azərbaycanın qədim Azərbaycan yaşayış məntəqələrindən biri kimi tarixdə qalıb.
Qərbi Azərbaycan İcması Sumqayıt Nümayəndəliyi
Ramiz İsmayılov














