Aktyor Azər Aydəmir Bayır şəhər ərazisində aparılan genişmiqyaslı söküntü işləri ilə bağlı aidiyyəti qurumlara müraciət edib.
Medianews.az xəbər verir ki, o sosial şəbəkə hesabında paylaşdığı müraciətdə söküntü aparılan ərazilərdə müvəqqəti mühafizə xidmətinin təşkil olunmasını xahiş edib.
Aktyor bildirib ki, söküntü qalıqları ərazidən tamamilə çıxarılana və sökülmüş sahələr müvafiq qurumlar tərəfindən bağlanana qədər ərazilərin nəzarətsiz qalması sakinlər üçün müəyyən təhlükələr yaradır.
Onun sözlərinə görə, son günlər söküntü aparılan və nəzarətsiz qalan ərazilərdə xoşagəlməz hallar müşahidə olunmağa başlayıb. Dağıntılar arasında və boş sahələrdə tualet kimi istifadə halları, spirtli içki və digər maddələrin qəbulu, həmçinin müxtəlif şəxslərin həmin ərazilərdə toplaşması hallarının artdığı qeyd olunur.
Aydəmir xüsusilə söküntü sahələrinin arasında yerləşən kiçik küçələrin, keçidlərin və qaranlıq ərazilərin axşam saatlarında sakinlər üçün təhlükə yaratdığını vurğulayıb.
O, söküntü işləri tam başa çatana, dağıntılar ərazidən götürülənə və sahələr müvafiq qaydada bağlanana qədər ərazilərdə müvəqqəti mühafizəçilərin və ya mühafizə xidmətinin təşkil olunmasını, nəzarətin gücləndirilməsini və sakinlərin təhlükəsizliyinin təmin edilməsini istəyib.
Aktyor müraciətində məsələyə daha ciddi hadisə baş verməmişdən əvvəl diqqət yetirilməsinə çağırış edib.
Qeyd edək ki, Azər Aydəmir müraciətini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ünvanlayıb.













