Dərələyəz mahalı qədimdən Naxçıvan xanlığının tərkibində olmuş, Şərurdan Vediyə qədər uzanan geniş bir türk-oğuz yurdu kimi tanınıb. Bu yerlər əsrlər boyu azərbaycanlıların yaşadığı, kənd saldığı, ocaq qaladığı ərazilər idi. Lakin sonralar bölgə mərhələlərlə Azərbaycandan qoparıldı və Rusiya–Ermənistan siyasi planlarının nəticəsi kimi tədricən Ermənistana birləşdirildi. Gündəm24.az xəbər verirki, 1931-ci ildə mahal iki rayona bölündü, daha sonra isə müxtəlif inzibati dəyişikliklərlə tarixi simasını itirməyə başladı.
Dərələyəz həm də zəngin sərvətləri, qədim insan məskənləri ilə məşhur idi. Amma XX əsr boyu bu yerlər azərbaycanlıların deportasiya, təzyiq və zorakılıqlar nəticəsində öz yurdlarından qoparılması ilə yadda qaldı. Tarixi mənbələr də təsdiqləyir ki, Dərələyəz əsrlərdir türk-oğuz məskəni olub və burada yaşayan azərbaycanlılar uzun illər sistemli şəkildə sıxışdırılıb.
Azərbaycanlılara qarşı bu siyasətin kökü XVIII əsrə – çar Rusiyasının Qafqazı bölüb-idarə etmə siyasətinə gedib çıxır. Xüsusilə 1828–1830-cu illərdə İran və Türkiyədən on minlərlə erməni məqsədli şəkildə Azərbaycan torpaqlarına köçürülmüş, yerli əhali isə öz doğma yurdlarından çıxarılmağa başlamışdı. Rus hərbi rəhbərliyi və erməni kilsəsi bu prosesə birbaşa dəstək verirdi. Dərələyəz mahalında da yüzlərlə Azərbaycan kəndi boşaldılır, onların yerinə köçürülən ermənilər yerləşdirilirdi.
1905–1907-ci illərdə baş verən hadisələr isə vəziyyəti daha da ağırlaşdırdı. Erməni silahlı dəstələri müxtəlif bölgələrdə, o cümlədən Dərələyəzdə azərbaycanlılara qarşı hücumlar təşkil edir, kəndlər yandırılır, dinc sakinlər qətlə yetirilirdi. O dövrün müəllifləri, o cümlədən M.S.Ordubadi “Qanlı illər” əsərində bu faciələri bütün dəhşəti ilə təsvir edib.
1918–1920-ci illərdə isə Dərələyəz azərbaycanlılar üçün ən ağır dövrlərindən birini yaşadı. Şahidlərin və arxiv sənədlərinin təsdiqlədiyinə görə, erməni quldur dəstələri yüzlərlə kəndi viran qoydu, əhalinin böyük bir qismini qətlə yetirdi, sağ qalanlar isə doğma torpaqlarını tərk etməyə məcbur edildi. Kəndlərin yandırılması, dinc insanların diri-diri ocağa atılması kimi vəhşiliklər həmin illərin acı gerçəklikləridir.
Bu faciələr 1948–1953-cü illərdə SSRİ rəhbərliyinin qərarları ilə həyata keçirilən yeni deportasiya dalğası ilə tamamlandı. Bu dəfə azərbaycanlılar Ermənistan ərazisindən kütləvi şəkildə köçürülür, əsrlərlə yaşadıqları yurd-yuvalarını tərk etmək məcburiyyətində qalırdılar. Bu proses Dərələyəzin demoqrafik tərkibini tamamilə dəyişdirdi və xalqın tarixi yaddaşında silinməz iz buraxdı.
“İnanırıq ki, Azərbaycan Respublikasının Ali Baş Komandanı İlham Əliyevin apardığı məqsədyönlü və ardıcıl xarici siyasət nəticəsində tarixi ədalət bərpa olunacaq, Dərələyəz də daxil olmaqla bütün tarixi yurdlarımızdan deportasiya olunan soydaşlarımız tezliklə öz doğma torpaqlarına qayıdacaqlar.”
Qərbi Azərbaycan İcması Sumqayıt Nümayəndəliyi Gündəm24.az














