“Tarix hər zaman siyasi alətdir. Azərbaycan ərazisində tarixən mövcud olmuş dövlətlərin hamısının varisləri bizik. Qafqaz Albaniyasına gəldikdə isə Ermənistanın bu irsə iddia etməsinin səbəbini anlamaq lazımdır. Xristian irsini bu regionda, xüsusən Cənubi Qafqazda özünün tarixi varlığı kimi təqdim etmək istəyirlər”.
Gündəm24.az musavat.com-a istinadən xəbər verir ki, bunu BMTMM-in İdarə Heyəti sədrinin müavini Fərhad Məmmədov “Azərbaycanın dövlətçilik tarixində Qafqaz Albaniyası irsi” mövzusunda keçirilən tədbirdə deyib.
F.Məmmədov bildirib ki, Azərbaycan ərazisində tarixən mövcud olmuş dövlətlərin sayı ilə bağlı AMEA-nın Tarix İnstitutunda aparılan araşdırmalar zamanı 30-a yaxın dövlət müəyyənləşdirilib:
“Biz bütün bu dövlətlərin irsinə yiyələnməliyik və onların varisiyik. Nadir yerlərdir ki, bu qədər və bu qədimlikdə dövlətçilik ənənəsi olsun”.
Onun sözlərinə görə, Ermənistanın məhz Qafqaz Albaniyasının irsinə iddia etməsi xüsusi yanaşma tələb edir:

“Nəyə görə bu 30 dövlətdən Ermənistan iddia etməyə sahib olmağa çalışır? Fikir verirsinizsə, bütün digər dövlətlərə hər hansı bir iddia yoxdur. Amma Qafqaz Albaniyasına var. Burada, düşünürəm ki, onların düşüncə tərzini anlamaq lazımdır”.
F.Məmmədov qeyd edib ki, Qafqaz Albaniyasının xristian irsi Ermənistanın bölgədəki dini-tarixi iddiaları baxımından xüsusi əhəmiyyət daşıyır:
“Əgər elə düşünülürsə ki, bu ərazilərdə VIII əsrdən sonra İslam yayılıbsa, deməli, xristian irsinə və ümumiyyətlə xristianlığa bağlı olmaq lazımdır. Tarixən də xristian ideologiyası qonşuluğumuzda güclənəndə bu dini aspektdən istifadə edilib. Osmanlı imperiyası zəifləyəndə xristian dövlətlərdən, Rusiya imperiyası güclü olduqca isə ondan kömək istənilib”.
O bildirib ki, uzun müddət Qafqaz Albaniyasının irsinin “yiyəsiz” olduğu barədə yanaşma formalaşdırılmağa çalışılıb:
“İddia edirdilər ki, Qafqaz Albaniyası yiyəsizdir. Yəni biz İslam dinində olduğumuz üçün, müsəlman xalqı olduğumuz üçün ona iddia etməyəcəyik. “Bu xristianlıq bizə aid deyil” yanaşması olub. Amma burada artıq dövlətçilik mövzusu və konteksti daxil olur. Biz bu irsə yiyə çıxmalıyıq”.
F.Məmmədov vurğulayıb ki, Azərbaycan tarixşünaslığında Qafqaz Albaniyası və Qarabağla bağlı məsələlərə əvvəlki dövrlərdən etibarən münasibət bildirilib.
Onun sözlərinə görə, sovet dövründə də Ermənistanın tarixi iddialarına cavab olaraq Azərbaycan tarixçiləri tərəfindən araşdırmalar aparılıb:
“Arxivdə işləyəndə, Cəfər Bağırovun dövründə Qarabağla bağlı iddia qaldırılanda İsmayıl Əliyev tərəfindən bununla bağlı böyük bir tarixi arayış hazırlanmışdı. Ermənistan Elmlər Akademiyasının Tarix İnstitutunun “Artsax” adlı kitabının dərc edilməsinə cavab olaraq Azərbaycan tarixçiləri də öz mövqelərini ortaya qoymuşdular”.
Tarixçi bildirib ki, ərazilərin işğaldan azad edilməsindən sonra bu istiqamətdə araşdırmaların genişləndirilməsi üçün yeni imkanlar yaranıb:
“Bu mövzu olub, hazırda da var və olacaq. Bununla bağlı bizim əlimiz zəif deyil. Ərazilər azad olunandan sonra araşdırmaların sayı da artıb. Məncə, bu istiqamətdə həm elmi, həm də kütləvi səviyyədə addımlar atmalıyıq”.
F.Məmmədov Qafqaz Albaniyasının xristian irsinin Azərbaycan tərəfindən qorunmasının ayrıca elmi və siyasi-tarixi fenomen olduğunu qeyd edib:
“Burada çox maraqlı bir fenomen ortaya çıxır. Əsasən əhalisi İslam dininə mənsub olan dövlət xristian irsi ilə bağlıdır. Biz bunu özümüzünkü kimi qəbul edir və müdafiə edirik. Burada siyasi kontekst, tarixi-siyasi kontekst var”.
O, XIX əsrdən etibarən bölgədə dini məsələlərin imperiyaların siyasi maraqları çərçivəsində istifadə edildiyini də bildirib.
F.Məmmədov daha sonra Ermənistan kilsəsinin roluna toxunaraq, Qafqaz Albaniyasının xristian irsinin gələcəkdə ərazi iddiaları üçün istifadə olunması ehtimalına diqqət çəkib:
“Biz dövlətlərarası səviyyədə tələbləri gördük. Amma vətəndaş cəmiyyəti səviyyəsində dialoqda ən böyük maneələrdən biri məhz bu mövzu ilə bağlı sərgilənən mövqedir. Bizim üçün bu müzakirələr artıq keçibdir. Bizim üçün bu, revanşizmin bir formasıdır”.
Onun sözlərinə görə, dini irsin aktuallaşdırılması gələcəkdə tarixi ədalət şüarları altında yeni ərazi iddialarının irəli sürülməsi üçün istifadə oluna bilər:
“Bu gün revanşizm daha çox siyasi formada görünürsə, indi isə dini irsi bir silah kimi istifadə etmək cəhdidir. Bu irsin aktuallaşması gələcəkdə ‘tarixi ədalət’ kimi təqdim edilərək yenidən ərazi iddialarının ortaya qoyulması kimi qiymətləndirilir”.
F.Məmmədov Ermənistan Apostol Kilsəsinin ölkə daxilindəki roluna da toxunub:
“Ermənistan kilsəsi Ermənistan cəmiyyətində ən böyük revanşist qüvvədir. Siyasi partiyaların, ictimai-siyasi qurumların mövqeyini dəyişmək üçün müxtəlif siyasi mexanizmlərdən istifadə etmək mümkündür. Amma Ermənistan kilsəsi və onun qəbul etdiyi son sənədlər göstərir ki, Ermənistan cəmiyyətində revanşist hisslərin ən böyük dəstək nöqtələrindən biri məhz bu institutla bağlıdır”.
BMTMM rəsmisi bildirib ki, Azərbaycan bu istiqamətdə həm elmi, həm də informasiya müstəvisində mövqeyini gücləndirməlidir:
“Biz adətən həm tarixi, həm də digər sahələrdə əlimizi gücləndirməliyik. Rəhmətlik tarixçimiz Eldar İsmayılovun bir fikri var idi: ermənilər hər şeyi unudur, amma biz bizə aid olanı isbat edə bilmirik”.














