Kredit kartları gündəlik xərclərin qarşılanmasını asanlaşdırsa da, yaranan borcun hər ay tam şəkildə bağlanmaması istehlakçının maliyyə yükünü tədricən ağırlaşdıra bilər. Xüsusilə gəliri məhdud olan şəxslər üçün kredit borcunun davamlı şəkildə növbəti aya keçirilməsi müəyyən maliyyə riskləri yaradır.
Bəs kredit kartından bu şəkildə istifadə edənləri hansı təhlükələr gözləyir?
Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı-ekspert Əkrəm Həsənov bildirib ki, əsas risk vətəndaşın müəyyən müddətdən sonra kredit ödənişlərini həyata keçirə bilməməsi ilə bağlıdır:

“Əgər vətəndaşın başqa yerdən əlavə gəliri yoxdursa, böyük ehtimalla bir müddətdən sonra krediti, aylıq ödənişi ödəyə bilməyəcək. Bu halda bank məhkəməyə müraciət edə bilər.
Əgər şəxsin əmlakı varsa, həmin əmlaka tutmanın yönəldilməsi mümkündür. Pensiya və ya digər rəsmi gəliri varsa, qanunvericiliyə uyğun olaraq həmin gəlirə də tutma yönəldilə bilər.
Şəxsin ümumiyyətlə əmlakı və gəliri yoxdursa, bu halda faktiki olaraq ondan tutulacaq vəsait olmayacaq. Lakin belə vəziyyət onun gələcəkdə kredit əldə etməsini də çətinləşdirə bilər”.
Beləliklə, kredit kartından gündəlik xərclər üçün davamlı istifadə etmək və yaranan borcu tam bağlamamaq ilkin mərhələdə kiçik görünən öhdəliyin zamanla daha ağır maliyyə probleminə çevrilməsinə səbəb ola bilər.













