Ermənistanda müxalifətin Azərbaycanla münasibətlərin normallaşması və regional kommunikasiyaların açılmasına qarşı sərt ritorikası davam edir. Bu dəfə Ermənistan Milli Konqresinin sədr müavini Levon Zurabyan TRIPP layihəsinin reallaşacağı halda ölkəsinin strateji kommunikasiya yollarının Azərbaycanın nəzarətinə keçəcəyini iddia edib.
Gündəm24.az musavat.com-a istinadən xəbər verir ki, Zurabyan Ermənistan hakimiyyətinin həm Avropa İttifaqı ilə yaxınlaşma siyasətini, həm də TRIPP layihəsini kəskin tənqid edib.
Onun sözlərinə görə, TRIPP Azərbaycan, Türkiyə, ABŞ, Avropa İttifaqı və İsrailin maraqlarına xidmət edən geosiyasi layihədir. Zurabyan eyni zamanda Rusiya, İran və Çinin bu layihəyə mənfi yanaşdığını iddia edib.
Erməni siyasətçi daha sonra Azərbaycanla bağlı növbəti qorxulu ssenarisini irəli sürüb.
“TRIPP-in həyata keçirilməsi yolu ilə getsək, bütün strateji kommunikasiya yolları Azərbaycanın nəzarətində olan Ermənistan əldə edəcəyik”, – Zurabyan bildirib.
O iddia edib ki, Azərbaycan Ermənistan ərazisindən maneəsiz kommunikasiya hüququ qazanacaq, Ermənistan isə qarşılığında eyni imkanlara malik olmayacaq.
Lakin TRIPP-in açıqlanmış çərçivəsi layihəni Ermənistanın suverenliyindən çıxarılan ərazi kimi deyil, Ermənistan və ABŞ-ın birgə həyata keçirdiyi multimodal tranzit və infrastruktur layihəsi kimi təqdim edir. ABŞ tərəfi də layihənin Ermənistanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həyata keçirildiyini bildirir. Hazırda Ermənistan ərazisində dəmir yolu bağlantısı üzrə mühəndis araşdırmaları aparılır.
Zurabyan bununla kifayətlənməyərək layihənin Ermənistanı böyük dövlətlərin qarşıdurmasına sürükləyə biləcəyini də iddia edib. Onun fikrincə, hazırkı siyasət nəticədə ölkə ərazisində “proksi müharibə” təhlükəsi yarada bilər.
Ermənistan Milli Konqresinin sədr müavini bundan əvvəl də TRIPP-i “geosiyasi bomba” adlandırmış və layihənin Ermənistanı Azərbaycandan asılı vəziyyətə sala biləcəyini söyləmişdi.
Beləliklə, regional kommunikasiyaların açılması istiqamətində praktiki işlər davam etdiyi bir vaxtda Ermənistan müxalifətinin bir hissəsi layihəni iqtisadi imkanlardan daha çox Azərbaycan təhlükəsi və yeni qarşıdurma ssenariləri üzərindən təqdim etməyə davam edir.













