Köhnə bina evlərinin (“Xruşşovka” və “Leninqrad” layihəli) gələcəyi ilə bağlı, xüsusilə də onların sökülməsi və yeni binalarla əvəzlənməsi ilə bağlı əvvəllər müəyyən məlumatlar yayılsa da, hazırda bu istiqamətdə hər hansı işlər görülmür.
Həmin binaların istismara verilməsindən uzun müddət keçdiyi üçün onların dözümlülüyü ilə bağlı da müəyyən suallar yaranır. Bəs söküntü planları hansı mərhələdədir? Yaxın zamanlarda bu tip binaların əvəzlənməsi gözlənilirmi?
Mövzu ilə bağlı Plat.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, əslində “Xruşşovka”ların sökülməsi ilə bağlı demək olar ki, son 10 ildir müxtəlif formalarda müzakirələr gedir, fikirlər bildirilir:
“Hətta bundan əvvəl də bildirilirdi ki, onlar dövlət hesabına söküləcək. Amma belə binaların kütləvi sökülməsi ilə bağlı hər hansı bir qərar yoxdur. Ümumilikdə Bakı şəhəri və onun ətrafında, Bakı-Abşeron ərazisində ələlxüsus 5 mərtəbədən ibarət olan binaların daha çox üstünlük təşkil etdiyi “Xruşşov” və fransız layihəli binaların sökülməsi ilə bağlı təxmini məlumat var. Həmin binaların sayı təxminən 20 minə yaxındır. Ölkə üzrə isə bu tip binaların sayı təxminən 25 minə yaxındır. Amma onların kütləvi sökülməsi ilə bağlı hər hansı bir məlumat yoxdur”.
Ekspert qeyd edib ki, tək-tək halda yol qırağı, mərkəzi yollarımız üstündə, ticarət baxımından əlverişli yerlərdə, misal üçün “İnşaatçılar” metrosunun çıxışında, “Qara Qarayev” metrosunun çıxışı yaxınlığında olan ərazilərdə binalar sökülür:
“Amma iqtisadi baxımından bu binaların, misal üçün məhəllələrarası ərazilərdə sökülməsi iqtisadi baxımından əlverişli deyil. Nazirlər Kabinetinin bu barədə 83 saylı qərarı var. Birinci mikrorayonda istismar müddəti bitmiş binalarla bağlı Fövqəladə Hallar Nazirliyi müvafiq rəy verib. O rəyə uyğun olaraq Nazirlər Kabineti də onların söküntüsü ilə bağlı sərəncam imzalayıb. Həmin sərəncam təsdiqlənib. Sərəncamın imzalanmasından 9 il yarım keçməsinə baxmayaraq, 1-ci mikrorayon ərazisində yerləşən 30-dan çox bina, toplam olaraq axı 1850-1900-ə yaxın mənzil hələ də qalıb. Yəni orada olan binalar qəzalı və qismən qəzalı sayılır. Və iqtisadi baxımından əlverişli olmadığına görə, həmçinin də şəhərsalma normativlərinə günü bu gün cavab vermədiklərinə görə tikinti şirkətləri üçün həmin ərazinin söküntüsü əlverişsiz hesab olunub”.













