Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Təhlükəsizlik Şurasının mövcud fəaliyyət mexanizminin dəyişdirilməsinin vacibliyini bir daha gündəmə gətirib. Türkiyə lideri qurumun hazırkı strukturunun dünya reallıqlarını tam əks etdirmədiyini bildirərək, xüsusilə veto hüququnun yaratdığı imkanların məhdudlaşdırılmasına çağırış edib.
Ərdoğanın fikrincə, BMT Təhlükəsizlik Şurasının heç bir üzvü dünya ölkələrinin böyük əksəriyyətinin mövqeyini təkbaşına bloklamaq imkanına malik olmamalıdır. O, bu baxımdan veto mexanizminin aradan qaldırılmasını təklif edib.
Türkiyə lideri bununla yanaşı, Təhlükəsizlik Şurasında daimi üzvlük prinsipinin də dəyişdirilməsinin tərəfdarı olduğunu açıqlayıb. Onun təklifinə əsasən, ölkələr BMT TŞ-yə müəyyən müddət üçün seçilməli və üzvlük rotasiya prinsipi əsasında həyata keçirilməlidir.
Ərdoğanın bu açıqlaması BMT Təhlükəsizlik Şurasında islahatlar məsələsinin yenidən beynəlxalq gündəmə çıxarıldığı bir vaxtda səslənib.
Türkiyənin veto hüququnun ləğvi və daimi üzvlük sisteminin dəyişdirilməsi ilə bağlı təklifi BMT-də real islahatlara yol aça bilərmi? Belə bir dəyişiklik qəbul olunacağı təqdirdə beynəlxalq güc balansına və Təhlükəsizlik Şurasının qərarvermə mexanizminə necə təsir göstərəcək?

Milli Məclisin deputatı Kamran Bayramov Musavat.com-a dedi ki, Ərdoğanın BMT Təhlükəsizlik Şurasının reallıqlardan uzaq düşmüş strukturunun yenidən qurulması və xüsusilə veto hüququnun ləğv edilərək rotasiya sisteminə keçilməsi barədə təşəbbüsü müasir beynəlxalq münasibətlər sisteminin ən kritik böhran nöqtəsinə toxunur: “İkinci Dünya müharibəsinin qalib dövlətləri tərəfindən formalaşdırılmış bu mexanizm xüsusilə son illərdəki qlobal münaqişələr, regional təcavüzlər və humanitar böhranlar fonunda tamamilə iflic vəziyyətinə düşdüyünü növbəti dəfə sübut etdi. Ərdoğanın “Dünya beşdən böyükdür” fəlsəfəsinin hüquqi və institusional müstəviyə daşınması cəhdi beynəlxalq hüququn tətbiqindəki ikili standartlara qarşı güclü bir qlobal reaksiyadır. Lakin bu təklifin institusional müstəvidə reallaşması imkanları BMT Nizamnaməsinin özündə mövcud olan struktur maneələrlə üz-üzə qalır, çünki BMT Nizamnaməsinin 108-ci maddəsinə əsasən, qurumun strukturunda hər hansı ciddi dəyişiklik daimi 5 üzvün (ABŞ, Rusiya, Çin, Böyük Britaniya, Fransa) hamısının razılığı və ratifikasiyası olmadan mümkün deyil. Daimi üzvlərin öz strateji imtiyazlarından və qlobal geostrateji dominantlıq alətindən könüllü imtina etməyəcəyi reallığını nəzərə alsaq, Türkiyənin təklifinin yaxın perspektivdə hüquqi müstəviyə keçməsi ehtimalı aşağı qiymətləndirilir, lakin bu təşəbbüs beynəlxalq birliyi və Qlobal Cənub ölkələrini mövcud sistemin legitimliyini sorğulamağa sövq edən mühüm siyasi xəbərdarlıq funksiyasını daşıyır”.
Deputat qeyd etdi ki, əgər belə bir dəyişiklik nəzəri olaraq qəbul olunarsa, bu, İkinci Dünya müharibəsindən bəri formalaşmış beynəlxalq güc balansını köklü şəkildə dəyişərək qlobal idarəetmədə tamamilə yeni bir erasının əsasını qoyar: “Veto hüququnun ləğvi Təhlükəsizlik Şurasının qəbul edəcəyi qərarların daha çevik, demokratik və çoxluğun rəyi ilə qəbul edilməsinə şərait yarada bilər. Rotasiya əsasında daimi olmayan üzvlük modelinə keçid isə Asiya, Afrika və Latın Amerikasının inkişaf etməkdə olan dövlətlərinə qlobal təhlükəsizlik arxitekturasında bərabərhüquqlu söz sahibi olmaq imkanı verər. Digər tərəfdən, bu cür kəskin transformasiya böyük nüvə dövlətlərinin BMT mexanizminə olan marağını azalda, nəticədə onların Təhlükəsizlik Şurasının qərarlarını ümumiyyətlə tanımamasına və ya beynəlxalq təhlükəsizlik məsələlərini BMT-dən kənar, ikitərəfli və ya regional hərbi alyanslar müstəvisində həll etməyə yönəlməsinə gətirib çıxara bilər. Bu isə beynəlxalq hüquq sisteminin daha da parçalanması və beynəlxalq münasibətlərin tam anarxiya mühitinə sürüklənməsi riskini yaradır”.
K.Bayramov onu da diqqətə çatdırdı ki, Azərbaycan Respublikası BMT Təhlükəsizlik Şurasında islahatların aparılması məsələsində Türkiyənin prinsipial mövqeyini tam şəkildə dəstəkləyir və bu yanaşmanı öz xarici siyasətinin prioritet istiqamətlərindən biri hesab edir. Bakının bu məsələdəki mövqeyi həm tarixi təcrübəyə, həm də geosiyasi reallıqlara əsaslanır. Azərbaycan uzun illər ərzində BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamənin kağız üzərində qalması və icra mexanizminin olmaması ucbatından ərazi bütövlüyünün pozulması problemi ilə üz-üzə qalmış, yalnız öz hərbi-siyasi gücü hesabına bu ədalətsizliyə son qoymuşdur. Bu acı təcrübə Bakıya Şuranın mövcud formatının effektivsizliyini və bəzən ikili standartların alətinə çevrildiyini aydın göstərmişdir. Prezident İlham Əliyev müxtəlif beynəlxalq platformalarda, xüsusilə Qoşulmama Hərəkatının sammitlərində dəfələrlə bəyan etmişdir ki, BMT Təhlükəsizlik Şurası daha ədalətli, geniş tərkibli və coğrafi baxımdan balanslaşdırılmış olmalıdır. Azərbaycanın mövqeyinə görə, Təhlükəsizlik Şurasında Qoşulmama Hərəkatına, Afrika İttifaqına və İslam Əməkdaşlıq Təşkilatına daimi rotasiya əsasında yerlər verilməli, veto hüququnun sui-istifadə edilməsinin qarşısı alınmalıdır. Bakı və Ankara bu məsələdə vahid strateji xətt nümayiş etdirərək, təkcə öz milli maraqlarını deyil, beynəlxalq münasibətlər sistemində ədalətsizliyə məruz qalan bütün suveren dövlətlərin hüquqlarını müdafiə edən qlobal platformanın formalaşdırılmasına tərəfdardır”.













