Formula 1 Azərbaycan Qran-Prisinin keçirilmə yerinin dəyişdirilərək Bakının mərkəzindən “Sea Breeze”ə köçürülməsi ideyası yenidən gündəmə gəlib.
Gündəm24.az xəbər verir ki, bu barədə “Sea Breeze”in sahibi, “Agalarov Development” şirkətinin prezidenti Emin Ağalarov “Instagram” hesabında etdiyi paylaşımda danışıb.
Onun sözlərinə görə, uzun müddətdir “Sea Breeze”də Formula 1 üçün tras tikilməsinin planlaşdırılması barədə şayiələr dolaşır: “Əslində bu, böyük hazırlıq tələb edən önəmli bir hadisədir. Bunun üçün Formula 1 memarlarını, faktiki olaraq bütün trasların layihəsini hazırlamış “Tilke” şirkəti ilə əlaqədəyik”.
E.Ağalarov bildirib ki, 2030-2031-ci illərə qədər trası ətraf infrastruktur ilə birgə inşa etmək mümkün olarsa, nəzəri olaraq Formula yarışları “Sea Breeze”ə köçürülə bilər.
Bununla belə, o bu məsələ ilə bağlı konkret razılaşmaların olmadığını diqqətə çatdırıb: “Lakin bizim ona doğru getdiyimiz bir arzumuz var. Arzu etdiyimiz hər şey reallaşıb. Ona görə də “Sea Breeze”də Formula 1 uzaqda deyil”.














