Azərbaycanda dövlət qeydiyyatına alınmış dərman vasitələrinin yuxarı satış qiymətləri Tarif Şurası tərəfindən müəyyən edilir. Bununla belə, dərmanların apteklərdə satışı ilə bağlı vətəndaşların narazılığı tam səngimir. Eyni təsiredici maddəyə malik preparatların müxtəlif apteklərdə fərqli qiymətlərə təklif edilməsi, daha ucuz dərmanların tapılmaması və alıcılara daha bahalı alternativlərin tövsiyə olunması ilə bağlı şikayətlər səslənir.
Məsələ yalnız dərmanın qiyməti ilə də məhdudlaşmır. Bəzi hallarda preparatların qiymətinin alıcının görə biləcəyi yerdə göstərilməməsi, alış zamanı qəbzin təqdim edilməməsi, həkim tərəfindən yazılmış dərmanın əvəzinə başqa preparatın təklif olunması kimi hallar da istehlakçıların suallarına səbəb olur.
Bəs dövlət tərəfindən dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi mexanizmi apteklərdə praktik olaraq necə tətbiq edilir? İstehlakçı hansı hüquqlara malikdir və aptek əməkdaşı ona hansı məlumatları təqdim etməlidir?
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən Musavat.com-un sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.06.2015-ci il tarixli 209 nömrəli Qərarı ilə “Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası” təsdiq edilib: “Həmin Qaydaya əsasən, dərman vasitələrinin topdan və pərakəndə satış qiymətlərinin yuxarı həddi Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. Apteklərdə satılan dərman vasitələrinin qablaşdırılmasının üzərində Şura tərəfindən təsdiq edilmiş yuxarı həddən yüksək olmamaqla, pərakəndə satış qiymətləri göstərilməlidir. Dərman vasitələrinin qablaşdırılmasının üzərində pərakəndə satış qiymətlərinin göstərilməsi aptek təşkilatları tərəfindən təmin edilir.
Qeyd edək ki, Tarif (qiymət) Şurası tərəfindən müəyyən edilən qiymət dərmanın satış qiymətinin yuxarı həddidir. Bu səbəbdən eyni təsiredici maddəyə malik dərman vasitələri müxtəlif apteklərdə müəyyən edilmiş yuxarı həddən yüksək olmamaqla fərqli qiymətlərə satıla bilər. Dərman vasitəsinin qiyməti istehlakçı üçün aydın və əlçatan formada təqdim edilməlidir.
Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatından keçmiş dərman vasitələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada tənzimlənən qiymətlərdən yuxarı qiymətlərlə satışına, qiymət intizamının pozulmasına, yəni satışda olan malların üzərində qiymət kağızlarının olmamasına və ya onların düzgün tərtib edilməməsinə görə məsuliyyət nəzərdə tutulur”.
Agentlikdən verilən məlumata görə, dərman vasitələrinin tənzimlənən qiymətləri barədə məlumat Tarif (qiymət) Şurasının rəsmi internet səhifəsində yerləşdirilir. İstehlakçılar aldıqları dərmanın qiymətini həmin siyahıda göstərilən qiymətlə müqayisə edə bilərlər.
“Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin tənzimlənən qiymətlərdən yuxarı qiymətlərlə satılması, həmçinin qiymətlərinin göstərilməməsi halları ilə qarşılaşan istehlakçılar dərman vasitəsinin alışını təsdiq edən kassa çeki və digər zəruri məlumatları təqdim etməklə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə rəsmi internet səhifəsi (https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif) və elektron poçt (office@competition.gov.az) vasitəsilə müraciət edə bilərlər”.//musavat.com














