Bakıda son günlər toyuq filesi almaq da çətinləşib. Bir neçə marketə girən alıcı eyni cavabı eşidir: “File yoxdur”. Məhsulu tapmaq üçün market-market gəzmək lazım gəlir, tapılan yerdə isə qiymət əvvəlki ilə müqayisədə xeyli bahadır.
Bəs paytaxtda toyuq filesi niyə yoxa çıxıb, doğrudan da bazarda qıtlıq yaranıb?
Mövzu ilə bağlı “Yeni Sabah”a danışan Quş əti və Yumurta İstehsalçıları Assosiasiyasının sədri Mürvət Həsənli ölkədə toyuq əti qıtlığının olmadığını deyib. Onun sözlərinə görə, bəzi marketlərdə toyuq filesinin olmaması tələbatın artması ilə bağlıdır:
“Ümumiyyətlə, ölkədə toyuq əti qıtlığı müşahidə olunmur. Amma hazırda müəyyən qədər problem yaşanır, buna da tam problem demək olmaz. Səbəblərdən biri ölkədə turistlərin çoxalması, xüsusilə Formula 1 yarışı ilə əlaqədar tələbatın artmasıdır. Eyni zamanda, əhalinin böyük əksəriyyətinin tətildən qayıtması və kənd toyuğu kəsiminin müəyyən mənada azalması da bazarda tələbatı artırıb.
Düşünürəm ki, yaxın günlərdə bu tələbatı qarşılamaq üçün fabriklər artıq toyuq əti istehsalını artırmağa başlayıblar. Yaxın 10-15 gün ərzində bu problemin aradan qalxacağını və qıtlığın olmayacağını düşünürəm”.
Assosiasiya sədri qiymətlərin artmayacağını bildirib:
“Hesab edirəm ki, qiymət artımı da olmayacaq. Çünki yemin qiyməti qalxmayıb və digər inflyasiya amilləri də bu sahədə müşahidə olunmur. Buna görə də istehsalçılar eyni qiymətə toyuq əti istehsal edib sata biləcəklər”.
Qeyd edək ki, Bakıda toyuq filesinin qiyməti marketdən və məhsulun növündən asılı olaraq dəyişir. Hazırda marketlərin onlayn satışında təzə toyuq filesinin 1 kiloqramı 10,70 manata, dondurulmuş Siyəzən filesinin 1 kiloqramı isə 9,19 manata təklif olunur.














