Son illər Bakı və Abşeronun əksər qəsəbələrində “makler evi” kimi tanınan fərdi yaşayış evlərinin tikintisi sürətlə genişlənir. Əvvəllər daha çox kiçik torpaq sahələrində inşa edilən yığcam evlərə üstünlük verilirdisə, artıq sifarişdən asılı olaraq iki və ya daha çox mərtəbəli, geniş həyətyanı sahəyə malik tikililər də daxil edilir. Lakin tələbatın artmasına baxmayaraq, bir çox alıcı bu cür evlərin keyfiyyət və davamlılıq baxımından ənənəvi üsulla tikilənlərdən xeyli geridə qalmasından narazılıq edir.
Mövzu ilə bağlı “Yeni Sabah”a danışan əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, “makler evləri”ndə tikintinin keyfiyyəti onu həyata keçirən və satan şəxsin, bir növ, öz seçiminə bağlı olan məsələdir:
“Makler evləri” dediyimiz daşınmaz əmlaklar ayrı-ayrı şəxslər tərəfindən bu sahədə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi formasıdır. Eyni adam, tutaq ki, Bakının ucqar ərazilərindən birində, şəhərdənkənar ərazilərdə 20 sot torpaq sahəsi alır. Həmin 20 sot torpaq sahəsində 200 kvadratmetrlik bölgü aparmaqla, yəni 2 sotdan bölməklə, burada 10 dənə ev tikir.
Bu da, təbii ki, ümumi olaraq el arasında “makler evi” kimi qiymətləndirilir. Burada tikintinin keyfiyyəti onu həyata keçirən və satan şəxsin, bir növ, öz seçiminə bağlı olan məsələdir. Mən bu sahədə fəaliyyət göstərən elə adamlar tanıyıram ki, kifayət qədər keyfiyyətli iş görürlər. Onlar heç bir halda sənədsiz torpaq qətiyyən almırlar, yalnız sənədli torpaqlar alırlar. Çünki evi tikib bitirəndən sonra daha çox kiçikölçülü, aşağıölçülü evlərə üstünlük verirlər ki, onu daha asan sata bilsinlər, hətta ipoteka üçün yararlı olsun”.
Ekspert əlavə edib ki, alıcılar aşağıdakı nüanslara diqqət etməlidir:
“Amma elə şəxslər də var ki, heç bir biznes planlaması aparmadan “harada gəldi, necə gəldi” prinsipi ilə fəaliyyət göstərirlər və sonrakı mərhələdə onların o evləri satmasında da problemlər yaranır. Bəli, belə hallar var ki, məsələn, evin çöl divarları qoşa daşdan olmalıdır, amma bir daşdan — bir mişar daşından ibarət inşa edilirlər. İzolyasiya işləri düzgün qaydada görülmür, evin özülü standartlara uyğun deyil, istifadə olunan tikinti materialları keyfiyyət göstəricilərinə görə çox aşağı standartlara malikdir, istifadə olunan materiallarda müəyyən komponentlər çatışmır və s. və ilaxır. Belə hallar kifayət qədərdir və bu, sonrakı mərhələdə evi alan şəxs ilə evi satan şəxs arasında bəzən mübahisələrə qədər gətirib çıxara bilir.
Amma bir daha qeyd edirəm, vətəndaşlara tövsiyəmiz odur ki, ucuz variantlara üstünlük verməkdənsə, daha çox keyfiyyətə diqqət etsinlər. Çünki birinci növbədə evin sənədi olmalıdır. Sənəd yoxdursa, o evə yaxın getməyin, o evi almayın. Sənədi olan evin, təbii ki, keyfiyyət göstəricilərinə diqqət olunmalıdır; ən azından orada istifadə olunan tikinti materiallarına baxılmalıdır və s. Amma aydın məsələdir ki, bu gün ev almaq istəyində olan şəxslərin maddi imkanları bəzən bu tələblərə cavab vermir və nəticə də göz qabağındadır”.














