Bu gün sosial şəbəkələrdə müəllimlərə qarşı ciddi ittihamların səsləndirilməsi və müəllimlik peşəsinin nüfuzunun aşağı düşməsi cəmiyyətdə narahatlıq doğuran əsas məsələlərdən biridir. Mövzu ilə bağlı təhsil eksperti Fuad Hacıyev Gündəm24.az-a açıqlama verib.

Ekspert bildirib ki, bir cəmiyyətin gələcəyini zəiflətmək üçün onun əsas dayaqlarından biri olan müəllimin nüfuzuna zərbə vurmaq kifayətdir:
“Əvvəllər ‘filankəs müəllimdir’ və ya ‘Əhməd müəllimin oğludur’ ifadəsi hörmət və status göstəricisi idi. Bu gün isə həmin münasibət xeyli zəifləyib.”
Müəllim nüfuzunun zəifləməsinin bir çox səbəbi olduğunu vurğulayan F.Hacıyev, uzun illər müəllimlərin sosial rifahının zəif olmasını, peşənin nüfuzdan salınmasını və ayrı-ayrı müəllimlərin səhvlərinin bütün kollektivə şamil edilməsini əsas amillər kimi qeyd edib.
Peşə daxilindəki problemlərə də toxunan təhsil eksperti əlavə edib ki, müəllimlik peşəsinin öz daxilində də keyfiyyət, davranış və peşəkarlıqla bağlı məsələlər var və bunları gizlətmək olmaz. Lakin problemi həll etmək üçün yalnız müəllimdən tələb etmək kifayət deyil:
“Müəllimin nüfuzunu bərpa etmək istəyiriksə, dövlət, məktəb, valideyn və bütövlükdə cəmiyyət müəllimin sosial statusunun və peşə nüfuzunun qorunmasında məsuliyyət daşımalıdır.”
Sonda Fuad Hacıyev xəbərdarlıq edib ki, müəllimin nüfuzu aşağı düşdükdə, bunun məntiqi nəticəsi olaraq məktəbin və bütövlükdə təhsilin də nüfuzu zərbə alır.
Gündəm24.az
İlkin Şirinov













