Bakı sakini Türkan Qasımova övladının məktəbə daşınması üçün istifadə etdiyi “2School” servis xidmətindən Musavat.com-a şikayət edib. Valideynin sözlərinə görə, yüksək ödəniş qarşılığında uşağın məktəbdən evə, evdən isə məktəbə təhlükəsiz və vaxtında çatdırılacağı vəd edilsə də, xidmətin ilk həftəsində ciddi problemlərlə qarşılaşıb.
Türkan Qasımova bildirib ki, dərslər başlamazdan əvvəl servis xidmətindən istifadə etmək üçün “2School” şirkəti ilə əlaqə saxlayıb və müraciətini əvvəlcədən edib. Ona servisdə uşaqlara bələdçi (kurator) təyin olunacağı, şagirdlərin birbaşa məktəbdən evə, evdən isə məktəbə çatdırılacağı bildirilib.
Ünvana uyğun aylıq ödəniş 203 manat müəyyən edilib. Valideyn bu məbləğin digər servis xidmətləri ilə müqayisədə yüksək olduğunu bildirsə də, övladının rahatlığı və təhlükəsizliyi üçün razılaşıb.
Onun sözlərinə görə, əvvəlki ərazidə istifadə etdikləri servis xidmətində sürücü hətta bir həftə əvvəl uşaq və valideynlə tanış edilib. Lakin “2School”-da dərslərin başlamasına az müddət qalmış, sentyabrın 14-də şirkətə zəng edərək sürücünün kim olduğunu soruşduqda “narahat olmayın, məlumat veriləcək” cavabı alıb. Nəticədə sürücünün kim olduğu yalnız həmin gün saat 22:00 radələrində bildirilib.
Valideynin sözlərinə görə, artıq bir həftədir xidmət göstərilsə də, qarşılaşdıqları vəziyyət şirkətin təqdim etdiyi xidmətlə bağlı gözləntiləri doğrultmayıb:“Normal şəraitdə təxminən 35-40 dəqiqə çəkən yol, xüsusilə tıxac zamanı, bəzən iki saata qədər uzanır. Məsələ ilə bağlı şirkətə müraciət etdikdə isə bunun səbəbi yalnız tıxacla izah olunur və ‘narahat olmayın, az qalıb, gələcək’ kimi cavablar verilir”, – deyə şikayətçi bildirib.
Türkan Qasımovanın sözlərinə görə, son hadisə isə narahatlığını daha da artırıb. Belə ki, övladı dərsdən saat 14:00-da çıxıb, lakin evə yalnız 17:15-də çatdırılıb. Valideyni xüsusilə narahat edən məqam uşağın soyuq havada təxminən 1 saat 10 dəqiqə servis avtomobilini çöldə gözləməsi olub:“Məktəbdə servisə təyin olunmuş kuratora müraciət etdikdə də konkret və operativ məlumat almaq mümkün olmadı. Uşaq uzun müddət gözlədiyi halda, ona sadəcə ‘narahat olma, indi gələcək’ deyilib”, – deyə Bakı sakini bildirib.
Şikayətçinin fikrincə, burada məsələ yalnız nəqliyyatın tıxac səbəbindən gecikməsi deyil. Valideynlər aylıq ödəniş etməklə övladlarının məktəbə və evə təhlükəsiz, vaxtında və nəzarətli şəkildə çatdırılmasını gözləyirlər:“203 manat ödəməklə gözləntimiz uşağın məktəbə və evə təhlükəsiz, vaxtında və nəzarətli şəkildə çatdırılmasıdır. Şirkətin sosial media səhifəsinə diqqət yetirsəniz, orada da xeyli narazılıq var. Belə bir xidmətin fəaliyyəti araşdırılmalıdır”, – deyə Türkan Qasımova qeyd edib.













