Türkiyədə bir ailənin midyedən zəhərlənərək həyatını itirməsi dəniz məhsullarının təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. Xüsusilə soyuq havalarda dəniz məhsullarına Azərbaycanda da maraq artır.
Midye, xərçəng, daha çox üstünlük isə münasib (ucuz) qiymətli suşilərə verilir.
Hansı dəniz məhsulları daha yüksək zəhərlənmə riski daşıyır? Nələrə diqqət etməliyik?
Gündəm24.az Sfera.az-a istinadən xəbər verir ki, qida mütəxəssisi İlkin Şirinov məsələyə geniş açıqlama verib. Mütəxəssis bildirib ki, dəniz məhsullarından danışarkən ilk növbədə onların hansı şəraitdə saxlanıldığı və necə hazırlandığı diqqətdə olmalıdır.

“Ümumiyyətlə, dəniz məhsullarından danışarkən ilk növbədə onların saxlanma şəraiti, bu məhsullardan hazırlanan yeməklərin hazırlanma prosesi və yarana biləcək zəhərlənmə halları nəzərə alınmalıdır. Bu məqamlar mütləq göz önündə saxlanmalıdır. Dəniz məhsulu 1-2 saat soyuducudan kənarda qaldıqda artıq bakterial proses başlayır. Əgər bazar qiymətindən xeyli ucuz dəniz məhsulu təklif olunursa, bu ya keyfiyyətsiz məhsuldur, ya da yararlılıq müddəti bitmək üzrədir. Məhsulun üzərində etiket, istehsalçı və idxalçı barədə məlumat mütləq olmalıdır. Əgər bu məlumatlar yoxdursa, istər dəniz məhsulu, istərsə də digər qidalar hər zaman risk yaradır”.
İlkin Şirinov midyenin xüsusiyyətini belə izah edir:
“Midye dənizin “tozsoranı” hesab olunur, çünki suyu süzərək onun içindəki bütün bakteriya və toksinləri özündə toplayır. Bu səbəbdən midyedən baş verən ağır zəhərlənmə halları təsadüfi sayılmır. Dəniz məhsulları düzgün saxlanmadıqda hər zaman təhlükə mənbəyinə çevrilə bilər. Xüsusilə ucuz qiymətə satılan midye, suşi və digər dəniz məhsulları daha yüksək risk daşıyır. Dəniz məhsullarının ən riskli kateqoriyası məhz midyedir. Midyelər filtrasiya yolu ilə qidalanan canlılar olduğuna görə “salmonella”, “E.coli”, “norovirus” kimi təhlükəli mikroorqanizmləri yayma riski yaranır. Bu məhsullardan zəhərlənmə halları daha çox qış və yaz aylarında müşahidə olunur”.
Mütəxəssis bazar qiymətindən aşağı satılan dəniz məhsullarının çox zaman keyfiyyətsiz və ya yararlılıq müddətinin bitmək üzrə olmasına diqqət çəkib:
“Əgər məhsul çox ucuz təklif olunursa, bu ya mənşəyi şübhəli, ya da saxlama müddəti bitmiş məhsul deməkdir. Etiket olmalıdır, istehsalçı və idxalçı şirkət açıq şəkildə göstərilməlidir. Bunlar yoxdursa, həmin qida təhlükəlidir. Dəniz məhsullarının ən çox təhlükə yaratdığı satış məkanları isə küçə və yarmarka tipli yerlərdir. Bu məkanlarda saxlanma qaydalarına çox vaxt əməl edilmir. Dəniz məhsullarında təmiz dəniz qoxusu olmalıdır. Əgər kəskin turş və ya xoşagəlməz qoxu varsa, bu məhsulun yüksək bakterial çirklənməyə məruz qaldığını göstərir. Midyenin və xərçəngin əti həmişə müəyyən dərəcədə yapışqan olur, lakin əgər həddindən artıq selikli və yapışqanlıdırsa, bu məhsuldan uzaq durmaq lazımdır zəhərlənmə riski çox yüksəkdir”.
Ekspert küçə satışı ilə bərabər bəzi restoranların da təhlükə mənbəyi ola biləcəyini vurğulayıb:
“Bu məsələ restoranlara da aiddir. Bəzi obyektlərdə 1-2 gün əvvəl hazırlanmış balıq yeməkləri isitmə sobalarında qızdırılaraq yenidən müştərilərə təqdim edilir. Bu isə ciddi sağlamlıq təhlükəsidir. Təəssüf ki, bəzi iaşə obyektləri insan sağlamlığını heçə sayır. Bizdə suşinin hazırlanması məsələsinə gəldikdə, bu qidalar risk qrupuna daxildir. Baxmayaraq ki, ölkədə midye, suşi, xərçəngə maraq var, əsas üstünlük balığa verilir. Balıqlar da düzgün temperatur rejimində saxlanmalıdır. Açıq havada, yarmarkalarda, metro çıxışlarında satılan balıqların alınması qəti şəkildə məsləhət görülmür. İnsanlar belə məhsulları görə-görə alırlarsa, riskin bir hissəsini özləri yaradırlar. Bu kimi hallar bir ailənin faciəsini başqa bir ailənin faciəsinə çevirə bilər. Şərt deyil ki, hadisə yalnız qonşu ölkədə baş versin, bu hal bizdə də mümkündür. Dəfələrlə bildiririk ki, restoran və kafelərdə məhsulların saxlanma şəraiti və təhlükəsizlik səviyyəsi ciddi nəzarətdə olmalıdır. Bu baxımdan istehlakçıların da sərt mövqe nümayiş etdirməsi vacibdir. Məhz bu mövqe növbəti faciələrin qarşısını ala bilər”.














