Əsirlərin (Bakıda həbsdə saxlanılan hərbi cinayətkarlar – red.) qaytarılması ilə bağlı konkret vaxt yoxdur, biz hər gün bu məsələ ilə məşğul oluruq.
Gündəm24.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan deyib.
“Məgər onlar əsirləri qaytarmayıblar? Bu, davam edən prosesdir. Birinci Qarabağ müharibəsindən sonra bizim də burada azərbaycanlı əsirlərimiz var idi. Hazırda bizdə bir azərbaycanlı hərbi əsir var və bir çoxu, o cümlədən müxalifət nümayəndələri bu məsələni geniş şəkildə gündəmə gətirir və aqressiv bəyanatlar səsləndirirlər. Azərbaycan erməni əsirlərini cinayət törətməkdə ittiham edir və öz cəmiyyətinə bəzi məsələləri izah etməli olur, Ermənistana qarşı mənfi ritorikanın nəticəsi olaraq Azərbaycan cəmiyyətində belə bir münasibət formalaşıb, bu da prosesi çətinləşdirir”, – o bildirib.
Simonyan qeyd edib ki, Azərbaycan hərbçisi Şəki kəndinə azaraq gəlib:
“Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev məni əmin etdi ki, Azərbaycanda da o, cinayətkar hesab olunur. Ev boş olub, o da içəri girib, yemək yeyib, yatıb. Onun səhhətində də müəyyən problemlər olub. “Daxil olma” dedikdə isə müqavimət göstərilməsi və sənin bu müqavimətlə mübarizə aparmağın nəzərdə tutulur. Bizim tərəfdən də yolu azan əsgərlər olub. O, Ermənistan qanunlarına uyğun olaraq məhkum ediləcək adi cinayətkardır. O, Ermənistana təzyiq göstərilməsi yolu ilə Azərbaycana təhvil verilə bilməz. Bəlkə, əməkdaşlıq olacaq, bəlkə də bizim əsgərimizlə bağlı… yaxud başqa bir hadisə baş verəcək”.
Qeyd edək ki, Zəngəzurdakı Şəki kəndinə naməlum şəraitdə daxil olan azərbaycanlı hərbçi Nəsimi Musayevə Ermənistanda cinayət işi açılıb və həbs olunub.













