Türkiyənin Siirt vilayətinin Kurtalan rayonunda qida zəhərlənməsi şübhəsi ilə 77-si şagird olmaqla, ümumilikdə 88 nəfər tibb müəssisələrinə müraciət edib.
Gündəm24.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi yerli hakimiyyət orqanlarının açıqlamasına istinadən məlumat yayıb.
Məlumata görə, hadisə Kayabağlar qəsəbəsində qeydə alınıb. İlkin araşdırmalar zamanı özünü pis hiss edən şəxslərin bir qisminin yerli müəssisədən alınan toyuqlu dürüm yediyi müəyyənləşdirilib. Məhsulların bir hissəsinin məktəb bufetindən qablaşdırılmış şəkildə, digər hissəsinin isə birbaşa həmin müəssisədən alındığı bildirilir.
Rəsmi açıqlamaya əsasən, müraciət edənlərdən 55-nə ambulator yardım göstərilib, 33 nəfər isə stasionar müalicəyə yerləşdirilib.
Hadisənin səbəblərinin müəyyənləşdirilməsi üçün qida nümunələri götürülüb. Faktla bağlı başladılan istintaq çərçivəsində müəssisənin sahibi saxlanılıb.
Hazırda xəstələrin müayinə və müalicəsi davam edir.













