Bakı Metropolitenində xətlərin ayrılması layihəsinin icrasına başlanmasından sonra əksər tələbələrin nəqliyyat xərcləri artıb. Çünki indi onlar mənzil başına çatmaq üçün həm metrodan, həm də yerüstü nəqliyyatdan istifadə etməli olurlar.
Bu səbəbdən hazırda tələbələri maraqlandıran əsas məsələ təqaüdlərinin artırılmasının mümkün olub-olmamasıdır.
Hökumət bu addımı ata bilərmi?
Məsələ ilə bağlı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini, deputat Elşad Musayev Oxu.Az-a açıqlama verib.
O bildirib ki, tələbə təqaüdlərinin artması gözləniləndir:
“Metro xətlərinin ayrılmasından sonra xüsusilə tələbələr üçün müəyyən çətinliklər yaranıb. Onların maddi imkanları kifayət qədər deyil. Buna görə də təqaüdlərin artırılması, tələbələr üçün güzəştlər məsələləri nəzərə alınmalıdır”.
Deputat vurğulayıb ki, büdcə məsələləri ilə bağlı müzakirələr zamanı tələbə təqaüdlərinin artırılması mövzusunun da qaldırılması nəzərdə tutulub:
“Növbəti il minimum, orta aylıq əməkhaqqının, müavinətlərin artması gözlənilir. Təqaüdlərlə bağlı da müsbət addımın atılacağını düşünürəm”.
Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 1 sentyabr 2025-ci ildən etibarən tələbə təqaüdləri belə müəyyən edilib:
1. Doktorantura səviyyəsi üzrə:
– elmlər doktoru hazırlığı üzrə doktorantlara – 450 manat;
– fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara – 300 manat;
2. Ali təhsil müəssisələrində:
Magistratura səviyyəsi üzrə:
– akademik göstəriciləri 91-100 bal olan tələbələrə – 240 manat;
– akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 180 manat;
– akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 120 manat;
Bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə:
– akademik göstəriciləri 91-100 bal olan tələbələrə – 200 manat;
– akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 160 manat;
– akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 110 manat;
3. Orta ixtisas təhsili müəssisələrində:
– akademik göstəriciləri 91-100 bal olan tələbələrə – 110 manat;
– akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 90 manat;
– akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 70 manat;
4. Peşə təhsili müəssisələrində:
– akademik göstəriciləri “5” (yüksək texniki peşə təhsili səviyyəsində 91-100 bal) olan tələbələrə – 110 manat;
– akademik göstəriciləri “4” və “5” (yüksək texniki peşə təhsili səviyyəsində 71-100 bal) olan tələbələrə – 90 manat
– akademik göstəriciləri “3”-“5” (yüksək texniki peşə təhsili səviyyəsində 51-100 bal) olan tələbələrə – 70 manat.













