Sumqayıt şəhər 31 nömrəli tam orta məktəbdə Vətən müharibəsi şəhidi Rüfət Əhmədovun əziz xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.
Gündəm24.az xəbər verir ki, tədbir çərçivəsində ilk olaraq qonaqlar şəhidin təhsil aldığı 31 saylı məktəbin şagirdləri tərəfindən çəkilmiş rəsm əsərlərindən ibarət sərgilə tanış olublar. Daha sonra şəhid Rüfət Əhmədovun adını daşıyan sinif otağında onun anası Ruhiyyə Əhmədovanın və müəllimlərinin xoş xatirələri dinlənilib.
Tədbiri məktəbin direktoru Leyla xanım açıq elan edərək iştirakçıları salamlayıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər günün əhəmiyyəti və dövlətin şəhid ailələrinə göstərdiyi diqqətdən bəhs ediblər.
Qərbi Azərbaycan İcmasının Sumqayıt nümayəndəliyinin sədr müavini Nazim Hüseynov şəhid analarına dərin hörmət və ehtiramını bildirib. O, icmanın şəhid ailələrinə daim həssaslıq və diqqətlə yanaşdığını vurğulayıb, gənc nəslin yüksək vətənpərvərlik ruhunda tərbiyəsində ailə və məktəbin birgə fəaliyyətinin müstəsna rolunu qeyd edib.
Qərbi Azərbaycan İcması Sumqayıt nümayəndəliyinin Gənclər təşkilatının rəhbəri Fuad Məmmədov gənclərin dünyagörüşünün artırılması və vətənpərvərlik ruhunda böyüməsi istiqamətində görülən işlərdən danışıb.
Şəhid anası Ruhiyyə Əhmədzadə dövlətin və ictimaiyyətin diqqət və qayğısını hər zaman hiss etdiklərini bildirərək, tədbirin təşkilində əməyi keçən hər kəsə minnətdarlığını ifadə edib.
Tədbirin davamında şəhid Rüfət Əhmədzadənin fənn və sinif müəllimləri onun məktəb illəri, nümunəvi əxlaqı və anası Ruhiyyə xanımla bağlı xoş xatirələrini bölüşüblər.
Mərasim məktəblilərin hazırladığı vətənpərvərlik mövzusunda bədii-ədəbi kompozisiya ilə yekunlaşıb.
Qərbi Azərbaycan İcması Sumqayıt Nümayəndəliyi
Ramiz İsmayılov


































