Ağzıbir kəndi Göyçə mahalının Kəvər rayonunda, keçmiş İrəvan quberniyasının Yeni Bəyazid qəzasında yerləşib. Göyçə gölünün sahilində salınan kənd hazırda Ermənistanın Geğarkunik vilayətinin ərazisinə daxildir. Yaşayış məntəqəsi Qafqazın beşverstlik xəritəsində də qeydə alınıb. Mənbələrdə kəndin Kəvər şəhərindən təxminən 15–20 kilometr məsafədə yerləşdiyi göstərilir.
Ağzıbir toponimi Azərbaycan dilində “tək çıxacağı olan yer”, “kiçik dağ yolu” mənalarında izah edilir. Kəndin adının yerləşdiyi coğrafi ərazi ilə bağlı yarandığı bildirilir. Belə ki, Göyçə gölünə quru ilə yalnız bir tərəfdən çıxışı olan yarımadanın mövqeyi bu adın formalaşmasına səbəb kimi göstərilir.

Ağzıbirin qədim tarixə malik olduğunu sübut edən mühüm abidələrdən biri kənd ərazisindəki qala qalıqlarıdır. 1934-cü ildə Ermitaj muzeyinin əməkdaşları tərəfindən Göyçə bölgəsində aparılan arxeoloji qazıntılar zamanı burada qala kompleksinin bünövrə qalıqları aşkarlanıb. Akademik B.Piotrovski həmin qalıqları eramızdan əvvəl I minilliyin sonlarına aid edib. Bu abidə kəndin yerləşdiyi ərazinin qədim dövrlərdən yaşayış və müdafiə məkanı olduğunu göstərən mühüm tarixi nümunədir.
Tarixi statistik məlumatlara görə, Ağzıbirdə 1831-ci ildə 108, 1873-cü ildə 380, 1886-cı ildə 557, 1897-ci ildə 696, 1914-cü ildə 1068, 1916-cı ildə isə 917 nəfər azərbaycanlı yaşayıb. 1918-ci ildə kənd sakinləri doğma yurdlarından qovulublar. Sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan əhalinin bir hissəsi kəndə qayıdıb. 1922-ci ildə burada 327 azərbaycanlı qeydə alınıb. Sonrakı illərdə kəndə ermənilərin köçürülməsi ilə əhalinin milli tərkibi dəyişib.
1947-ci ildə Ağzıbirdə 600 azərbaycanlının yaşadığı bildirilir. 1948-ci ildə isə sovet hakimiyyətinin köçürmə qərarı nəticəsində kəndin azərbaycanlı sakinləri Azərbaycanın Ağdaş rayonuna köçürülüblər. Bundan sonra kənddə azərbaycanlı əhali qalmayıb. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 7 dekabr 1945-ci il tarixli qərarı ilə Ağzıbirin adı dəyişdirilərək Lçap qoyulub.
Bu gün Ağzıbir adı Göyçə mahalının tarixi toponimlərindən biri kimi yaşayır. Kəndin ərazisindəki qədim qala qalıqları və tarixi yaddaşı onun yalnız bir yaşayış məntəqəsi deyil, həm də bölgənin qədim keçmişini əks etdirən məkan olduğunu göstərir.
Qərbi Azərbaycan İcması Sumqayıt Nümayəndəliyi
Ramiz İsmayılov












