Qərbi Azərbaycan İcmasının Sumqayıt nümayəndəliyinin üzvləri, ziyalılar, gənclər və ictimaiyyət nümayəndələri Fəxri xiyabanda faciə zamanı həlak olanların məzarlarını ziyarət ediblər. Anım mərasimində faciə qurbanlarının məzarları üzərinə gül dəstələri qoyulub, onların əziz xatirəsi ehtiramla yad edilib və ruhlarına dualar oxunub.
Gündəm24.az xəbər verir ki, tədbirdə Qarakənd faciəsinin başvermə səbəblərindən, həmin hadisənin Azərbaycanın müstəqillik tarixində tutduğu ağır və kədərli yerdən, faciə zamanı dövlət və ictimai xadimlərin həyatını itirməsindən danışılıb.
Bildirilib ki, Qarakənd faciəsi Azərbaycan xalqının yaddaşında yalnız faciəvi hadisə kimi deyil, həm də ölkənin müstəqilliyi uğrunda mübarizənin ağır səhifələrindən biri kimi yaşayır.
Anım mərasimində faciə zamanı həlak olan dövlət xadimi Zülfü Hacıyevin qızı Lalə Hacıyeva da iştirak edib. O, atasının və faciə qurbanlarının xatirəsinə göstərilən ehtiramdan, dövlət tərəfindən faciə zamanı həlak olanların ailələrinə göstərilən diqqət və qayğıdan danışıb.
Tədbirdə Qərbi Azərbaycan İcmasının Sumqayıt nümayəndəliyinin sədri Ramiz İsmayılov Qarakənd faciəsi ilə bağlı xatirələrini bölüşüb. Digər çıxış edənlər də həmin günlərin ağrılı xatirələrindən söz açaraq onların Azərbaycan tarixindəki xidmətlərinin heç vaxt unudulmayacağını bildiriblər.
Anım mərasimindən sonra Qarakənd faciəsində həlak olanların ruhuna ehsan süfrəsi təşkil olunub.
İştirakçılar bir daha faciə qurbanlarının xatirəsini ehtiramla yad edərək onların ruhlarına rəhmət diləyiblər.













