“SSRİ bayrağı ilə yürüş cəhdlərinin yayılması cəmiyyətdə tarixi faktlarla mif arasında fərqi qarışdırır”.
Gündəm24.az Demokrat.az-a istinadla xəbər verir ki, bunu tarix elmləri doktoru Lətifə Əliyeva açıqlamasında deyib.
O qeyd edib ki, bu, gənc nəsillərin tarixi düzgün anlamasını çətinləşdirir və yanlış qəhrəmanlıq təsəvvürlərini gücləndirə bilər:
“Belə aksiyalar sovet dönəmindəki repressiyalar və milli azadlıq mübarizəsi kimi həssas mövzuların trivializə olunmasına səbəb olur. Tarixi faktların əvəzinə ideoloji nostalgiya təbliğ edilir. Bu, gələcəkdə milli kimliyin formalaşmasına neqativ təsir göstərə bilər. Gənclər tarixi hadisələri kontekstdən çıxarılmış şəkildə öyrənə bilər. SSRİ bayrağı altında keçirilən yürüşlər milli ideologiya və dövlətçilik prinsiplərinə birbaşa risk yaradır. Bu cür aksiyalar dövlətin suverenliyinə və tarixi yaddaşın qorunmasına zərər verə bilər. Dövlət üçün əsas vəzifə bu cür təşəbbüslərin ideoloji təbliğatını dayandırmaq və eyni zamanda cəmiyyətə düzgün tarixi maarifləndirməni təqdim etməkdir. Tarixçi kimi hesab edirəm ki, açıq müzakirələr və tarixi sənədlərin populyarlaşdırılması bu risklərin qarşısını ala bilər. Dövlət həmçinin hüquqi mexanizmlərlə, qanun çərçivəsində radikal təşəbbüsləri məhdudlaşdıra bilər. SSRİ totalitar idarəçilik sistemi ilə fərdi azadlıqları məhdudlaşdırırdı”.











