Qərbi Azərbaycan İcması tərəfindən keçirilən “Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda III Beynəlxalq Konfransın III paneli çərçivəsində “Qeyri-maddi irs: qayıdışın canlı əsaslarının dirçəldilməsi” mövzusunda İsveçli rejissor, fotoqraf və sənədli film müəllifi Mikael Silkebergin çıxışı dinlənilib.
İsveçdən olan yeganə Skandinaviya nümayəndəsi kimi çıxış edən Silkeberg konfransın təşkilinə görə təşəkkürünü bildirərək qeyd edib ki, Azərbaycan və İsveç arasında tarixən formalaşmış əlaqələr təsadüfi deyil və bu gün də mədəniyyət, elm və insanlararası münasibətlər kontekstində fəal şəkildə davam edir. O, Nobel qardaşlarının XIX əsrdə Bakıda yaratdığı “Branobel” şirkətinin İsveç–Azərbaycan əlaqələrinin ən güclü tarixi simvollarından biri olduğunu, bu irsin Nobel mükafatının maliyyələşdirilməsinə qədər təsir göstərdiyini xatırladıb.
Silkeberg bildirib ki, Azərbaycan son illərdə İsveçlə təhsil əlaqələrində də diqqətçəkən nəticələr göstərir. İsveç İnstitutunun 2024–2025-ci illər üçün statistikalarına əsasən, Azərbaycan yenidən İsveç hökumət təqaüdünü qazanan tələbələrin sayına görə dünyada birinci yerdə qərarlaşıb. Onun sözlərinə görə, bu, iki ölkə arasında yeni nəsil mədəni körpülərin formalaşmasına xidmət edir.
Rejissor öz yaradıcılığında Azərbaycan mövzusunun geniş yer tutduğunu bildirib. Qarabağa ilk səfərindən, 2021-ci ildə Şuşada gördüyü dağıntılar içində bitən zəfəran çiçəyinin və daha sonra tanıdığı Xarıbülbülün onda oyatdığı təəssüratlardan danışıb. O bildirib ki, Xurşidbanu Natəvanın irsi və Qarabağın özünəməxsus mədəni kodları onu Azərbaycan haqqında sənədli filmlər çəkməyə həvəsləndirib.
Silkeberg daha sonra dörd sənədli film layihəsini təqdim edib. “Xarıbülbül əfsanəsi” filmi Şuşanın dünya mədəni irsindəki yerini, “Odin Kodu” Skandinaviya ilə Azərbaycanın qədim mifoloji və tarixi əlaqələrini, “Nuhun izləri” filmi Naxçıvanı sivilizasiyanın beşiklərindən biri kimi, “Qərbdən Şərqə Folkjazz hekayəsi” isə İsveç folk musiqisi ilə Azərbaycan caz-muğamının yaratdığı unikal sintezi əks etdirir. Bu filmlərin hər biri, onun fikrincə, Şimal ölkələri ilə Azərbaycan arasında mədəni dialoqu gücləndirməyə xidmət edir.
Çıxışında konfransın mahiyyətinə toxunan Silkeberg qeyd edib ki, Cənubi Qafqazda yaranan yeni sülh imkanları yalnız siyasi deyil, həm də mədəni əsaslar üzərində qurulmalıdır. Onun sözlərinə görə, Qərbi Azərbaycan İcmasının Qayıdış Konsepsiyası bu baxımdan həm hüquqi, həm də insani yönü ilə xüsusi əhəmiyyət daşıyır. O, tarixi qovulma dalğalarının – 1905–06, 1918–21, 1948–53 və 1987–91-ci illərin – nəticələrinin aradan qaldırılmasının yalnız torpağa dönüşlə deyil, həm də mədəni yaddaşın bərpası ilə mümkün olduğunu vurğulayıb.
Silkeberg Ermənistanda Azərbaycan mədəni irsinin dağıdılması və mənimsənilməsi faktlarının sülh prosesində etiraf edilməsinin vacibliyinə diqqət çəkib. O bildirib ki, maddi abidələrin bərpası ilə yanaşı, etimadın və ədalətin bərpası da vacib şərtdir.
Rejissor, həmçinin, İsveçdə Qərbi azərbaycanlılar haqqında çəkilmiş “İZ” sənədli filmini izlədiyini və bu layihənin gələcək nəsilləri qayıdışa hazırlayan mühüm bir informasiya resursu olduğunu vurğulayıb.
Mikael Silkeberg çıxışını belə tamamlayıb: “Azərbaycan mədəniyyətinin dostu və sənədli kino müəllifi kimi ümid edirəm ki, bir gün Qərbi azərbaycanlıların ata-baba yurdlarında bərpa olunan həyatı, yenidən açılan məktəbləri, dirçələn icmaları öz kameramla çəkə biləcəyəm. Mövcud sülh prosesi bu arzunun gerçəkləşməsinə real imkan yaradır.”














